Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilmiş, ulu öndərin əziz xatirəsi ehtiramla anılmışdır.
İlk öncə ulu öndərin RİTN-in binasında yerləşən büstü önünə gül qoyulmuş və Heydər Əliyev Guşəsinə baxılmışdır.
Mərasimdə çıxış edən Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov müstəqil Azərbaycanın bu gün yeni inkişaf dövrü yaşadığını vurğulayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü daxili və xarici siyasət sayəsində ölkəmizin dünyanın nüfuzlu beynəlxalq təşkilatları və aparıcı dövlətləri ilə iqtisadi, mədəni və siyasi münasibətlərdə əməkdaşlığı ən yüksək səviyyəyə çatmışdır. Nazir ümummilli lider Heydər Əliyevin, sözün hər mənasında, böyük ömür yaşadığını, onun ideyalarının ömrünün isə daha uzun olduğunu bildirmişdir. "Bu gün ölkəmizdəki bütün quruculuq işləri, islahatlar məhz ulu öndərin ideyalarının həyata keçirilməsi istiqamətində gedir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir. İndi möhtərəm Prezidentimiz müstəqil dövlətçilik tariximizin yeni mərhələsində Azərbaycanı məhz Heydər Əliyev ideyaları əsasında idarə etməklə, həm də bu ideyaları müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirir" - deyə nazir qeyd etmişdir.
Ə.Abbasov bildirmişdir ki, ölkəmizdə digər sahələr kimi, rabitənin də inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Nazir Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrünün 70-82-ci illərə - ulu öndərin birinci hakimiyyəti dövrünə təsadüf etdiyini, əsaslı islahatların və yenidənqurma işlərinin aparıldığını, rabitə sistemində böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin 1-ci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə mühüm qərarlar qəbul edildiyini qeyd edən nazir, Heydər Əliyevin birbaşa dəstəyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - "BESM-6" gətirildiyini xatırlatmışdır. "Bundan başqa, "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - «Azərbaycan», respublika kompyuter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlanmışdı. «AZON», «NORD» elm-istehsalat birlikləri, "Radiozavod", Elektron hesablama maşınları zavodu, «Peyk», «Ulduz» kimi nəhəng istehsalat kompleksləri tikilərək istifadəyə verilmişdi".
Daha sonra nazir bildirmişdir ki, 1993-cü ildə ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan milli rabitəsi yenidən inkişaf etməyə başlamış, ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş və rabitə sahəsinin inkişafında əsl dönüş yaranmışdır.
Tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə rabitə sahəsinin inkişafı istiqamətində verdiyi sərəncamlar, inşa olunmuş rabitə obyektləri və əldə olunan uğurları əks etdirən təqdimat olmuşdur.
07/05/12 Çap et