Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android Erası-2” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib


"Hackathon Azərbaycan"ın "Android Erası-2" müsabiqəsi artıq yekunlaşıb. Azərbaycanda informasiya texnologiyaları sahəsinin ən önəmli layihələrindən olan bu müsabiqəyə Qafqaz Universitetində keçirilən tədbirlə yekun vurulub.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə layihə əməkdaşları məlumat verib. Mənbədən bildirilib ki, 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub: "Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb.

Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb. Media nümayəndələri və İKT sahəsində tanınan nüfuzlu şirkət rəsmilərinin qatıldığı mərasimdə çıxış edən "Samsung Electronics"in nümayəndəsı Oqtay Məmmədov  layihənin uğurlarından danışaraq gələcək əməkdaşlıqdan da məmnunluq duyacaqlarını bildirib.

Daha sonra "Samsung Electronics"in Ukraynadan xüsusi olaraq Azərbaycana "Android Erası-2"-də çıxış etmək üçün gələn nümayəndələri - Oleq Dontsov, Andrii Lytvyniuk "Samsung"un "Bada" əməliyyatlar sistemi barədə xüsusi təqdimat nümayiş etdiriblər.

Təqdimatlardan sonra "Hackathon Azərbaycan"ın layihə meneceri Rəşad Əliyev statistik məlumatları mərasim iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə "Eurovision", "EuroCup" və "Android Erası-2" müsabiqəsi çərçivəsində yazılan tətbiqlər də nümayiş olunub. Sonda qaliblər elan edilib.

Belə ki, 1-ci yer üzrə Rüfət Babakişiyev  "Catch me if you can", 2-ci yer üzrə Şahin Abdurəhimov "Yarışaq", 3-cü yer üzrə isə Tahir Hacızadə "AZDroid" tətbiqi ilə qalib seçilib. Müsabiqənin baş sponsoru "Samsung" şirkəti tərəfindən məxsusi əlavə yarışma kimi keçirilən "Eurovision"un qalibi isə "Eurovision 2012" adlı tətbiqi ilə Rəcəb Davudov olub.

Yarışma qaliblərinə I yer üçün "Samsung Galaxy Note", II yer üçün "Samsung Galaxy Nexus", III yer üçün "Samsung Galaxy S II" təqdim edilib. Bununla yanaşı, müsabiqənin baş sponsoru olan "Samsung" şirkəti tərəfindən, əlavə olaraq "Eurovision" qalibinə "Samsung Galaxy Tab 10.1" hədiyyə olunub.

Qeyd edək ki, "Android Erası-2" yarışması "Samsung"un baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqənin təşkilati dəstəkçiləri "Baku Google Technology User Group" və "İlk addımlar" layihəsidir.

"Hackathon"a gəlincə, o, haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon"un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır. "Hackathon Azərbaycan" "sözügedən hadisəni Azərbaycanda təşkil edən bir layihədir.

"Baku Google Technology User Group" tərəfindən yaradılan bu layihənin əsas məqsədi yerli proqramçıların və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.
 
HƏQİQƏT





08/05/12    Çap et