Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları İnstitutunda Elmi Seminar keçirilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti Elmi Seminar keçirilib. AMEA İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov iclasın 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Səadət Bünyatova və Qalib Həmidovun dissertasiya işlərinin müzakirəsinə həsr olunduğunu bildirib.
Səadət Bünyatova “Elektron poçtda spamla mübarizə metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. Tədqiqatın məqsədi, spam-texnologiyalarının inkişaf mərhələləri, klassifikasiyası, müasir vəziyyəti haqqında məlumat verdi. Spamlarla mübarizə üzrə müqayisəli analiz mexanizmləri və elmi-nəzəri problemlərdən danışıb.
Qalib Həmidov “İnformasiya emalı sistemlərində çoxxidmətli genişzolaqlı rabitə şəbəkələrinin effektivliyinin yüksəldilməsi metodlarının analizi” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verib. İşin məqsədi, mövzunun aktuallığı, müdafiəyə çıxarılan əsas müddəalar, elmi işin praktiki əhəmiyyəti və s. haqqında söhbət açdı.
Dissertasiya işinin nəticələrini açıqlayan Q.Həmidov informasiya emalı sistemlərində çoxxidmətli korporativ şəbəkələrin və onların texniki təminatının müasir vəziyyəti və inkişaf perspektivlərinin təhlil olunduğunu bildirib.Sonra iddiaçılar dissertasiya şurası üzvlərinin suallarını cavablandırıblar.Hər iki mövzuya dair rəylər nəzərə çatdırılıb, opponentlər tərəfindən iddiaçılara irad və təkliflər bildirilib.
Müzakirələrdə iştirak edən texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Zərifə Cəbrayılova, Firudin Ağayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əlövsət Əliyev və digərləri dissertasiya işlərinin aktuallığını önə çəkərək, alınmış elmi nəticələri yüksək qiymətləndiriblər.
Hər iki iddiaçının dissertasiya işində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, elmi yeniliklərin əldə edildiyini və onların müvafiq praktiki layihələrdə tətbiq olunduğunu bildirdilər. İddiaçıların yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.
08/05/12 Çap et