Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergi xidmətlərinin elektronlaşdırılması e-auditin tətbiqini sürətləndirəcək


Artıq inkişaf etmiş ölkələrin vergi orqanları, eləcə də beynəlxalq audit şirkətləri tərəfindən keçirilən audit yoxlamalarda beynəlxalq standart kimi qəbul edilən kompyuter əsaslı elektron audit Azərbaycanda da tətbiq ediləcək. Hazırda müvafiq texnologiyanın yerli kadrlar tərəfindən mənimsənilməsi üçün treninqlərin təşkili həyata keçirilir.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, treninqlərdə iştirakçılara e-auditin məqsədi, tətbiqi sahəsi, auditin aparılma forması, üsulları, horizontal monitorinq, daxili nəzarət sisteminin təşkili və s. kimi məsələlər barədə geniş məlumat verilir.

Qeyd edək ki, elektron auditin respublikada tətbiqi üçün bu sahədə çoxillik təcrübə qazanmış Niderland Krallığının nailiyyətlərindən istifadə olunur. Belə ki, ilk növbədə, vergi yoxlamalarında elektron auditin tətbiqi məqsədilə Vergilər Nazirliyi tərəfindən xarici ekspertlərlə birgə  “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsi hazırlanıb.

2010-cu ilin mayında isə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Hollandiya və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlib.

Beləliklə, e-auditlə bağlı aparılan işlər 2013-cü ilin mart ayına qədər davam edəcək. Hesab olunur ki, altı mərhələdən ibarət olan “E-audit” Tvinninq layihəsi ölkədə şəffaflığın artırılmasına, vergitutma bazasının genişləndirilməsinə səbəb olacaq, yoxlama proseslərində vaxt itkisinin qarşısını alacaq.

Ümumiyyətlə, kompyuter əsaslı audit və ya e-audit müəssisələrin e-formatda aparılan və saxlanılan mühasibat məlumatlarının emalı və təhlili əsasında qurulur. Ənənəvi vergi yoxlamalarından fərqli olaraq, e-audit ancaq e-formatda həyata keçirilən əməliyyatlar üzərində aparılır. Azərbaycanda iri və orta müəssisələrdə mühasibat sistemləri və əməliyyatlar əsasən kompyuterləşdirilib.

Bu da imkan verir ki, e-audit üzrə mütəxəssislər (e-auditorlar) böyük həcmdə olan və e-formatda saxlanılan mühasibat uçotu üzrə məlumatları müəssisədən elektron daşıyıcılarında alaraq, xüsusi proqram təminatlarından istifadə etməklə (ACL, İDEA) bu məlumatları qısa müddətdə vergidən yayınma riskləri baxımından təhlil etsinlər.

E-auditorlar müəssisəyə getmədən, həmin müəssisənin e-mühasibat məlumatlarının xüsusi proqram təminatı və daxili məlumat bazası əsasında vergi orqanında distant təhlilini həyata keçirirlər. Bu isə vaxt və insan resurslarına qənaət etməklə yanaşı, səyyar vergi yoxlamalarının səmərəsini və şəffaflığını xeyli artırır.

E-formatda mütləq qaydada (6-7 il müddətində) saxlanılan məlumatlara gəlincə, buraya əsasən e-mühasibat sisteminin quruluşu, əsas modullar, ana fayllar, o cümlədən müştərilər barədə məlumatlar, aparılan əməliyyatlar, onların mənbələri, alqı və satqı üzrə hesab-fakturalar, hesabların kodları, mühasibat məlumatlarının bir-biri ilə əlaqələndirilməsi, maya dəyərinin, xərclər və gəlir bazalarının vergitutma üçün hesablanması mexanizmi daxildir.

Proqram təminatının xüsusiyyətlərinə görə, vergi ödəyicilərindən alınmış e-mühasibat üzrə kompyuter faylları dəyişdirilə bilməz. Audit bitdikdən sonra bütün e-fayllar silinir və bununla da vergi ödəyicisinin məlumatlarının məxfiliyi təmin olunur.

Ümumiyyətlə, bu texnologiyaları tətbiq etmiş ölkələrin də təcrübəsi göstərir ki, ölkədə şəffaflığın artırılmasına, vergitutma bazasının genişləndirilməsinə səbəb olur, yoxlama proseslərində vaxt itkisinin qarşısını alır. E-audit layihəsinin uğurla həyata keçirilməsi üçün müvafiq bilik və bacarıqlara malik kadr potensialının, zəruri qanunvericilik bazasının, təlim və təhsilin rolu da xüsusilə önəmlidir. Bunu nəzərə alaraq, müsbət haldır ki, Azərbaycan tərəfi növbəti mərhələlərdə təlimçilərin sayının artırılmasını nəzərdə tutur.

Nazirliyin kadrları ilə treninqləri aparan təlimçilər də hesab edirlər ki, bu cür addımlar, o cümlədən Vergilər Nazirliyi tərəfindən vergi xidmətlərinin elektronlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl işlər nəticəsində ölkədə e-auditin tez bir zamanda tətbiqi mümkün olacaq. Dünya təcrübəsi də təsdiqləyir ki, gündən-günə bütün sahələrdə sürətlə elektronlaşan dünyada e-audit zamanın əsas tələbinə çevrilib.

Dünyanın əksər ölkələrində mühasibat artıq elektron vasitələrlə aparılır. Xüsusən, korrupsiyaya qarşı mübarizədə və bütün fəaliyyət sahələrində şəffaflığın təmin edilməsində, maliyyə və vergi yayınmalarına qarşı mübarizədə elektron auditin rolu əvəzsiz hesab olunur. Azərbaycanda da elektron auditin tətbiqi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də, mütəxəssislərin fikrinə görə, prosesi daha sürətləndirmək üçün qarşıda həllini gözləyən bəzi məsələlər də var.

Belə ki, ölkədə səmərəli və effektiv mühasibatın mövcudluğu başlıca şərtlərdəndir ki, bu da respublikada yüksəksəviyyəli elektron auditin tətbiqinə təkan verəcək. Texnologiyanın tətbiq edildiyi digər ölkələrdə olduğu kimi, auditin elektron qaydada reallaşması Azərbaycana bir sıra üstünlüklər gətirəcək.

İlk növbədə elektron audit səmərəliliyi xeyli yüksəldəcək. E-auditin tətbiqi vergi ödəyiciləri haqqında məlumatları daha dərindən və təfsilatı ilə təhlil etməyə, auditorlara isə ödəyicilər haqqında daha düzgün rəy verməyə əminlik yaradacaq. Bütövlükdə e-auditin aparılması Azərbay­canda auditin keyfiyyətinə müsbət təsiri ilə özünü göstərəcək.
 
 
Həqiqət İSABALAYEVA





08/05/12    Çap et