Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” cəzalandırıldı


ABŞ-ın San-Fransisko şəhərinin hakimlər kollegiyası “Google” korporasiyasını “Java” proqramlaşdırma dilindən istifadə edərkən “Oracle”-ın müəllif hüquqlarını pozmaqda təqsirli bilib.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2010-cu ilin avqustunda “Oracle” korporasiyası “Google” şirkətini “Java” proqramlaşdırma dili ilə bağlı patentlərin pozulmasında ittiham edərək onu məhkəməyə verib. Qeyd edim ki, bu dil “Google” şirkəti tərəfindən 2008-ci ildə yaradılmış “Android” platformasının əsas elementini təşkil edir.

Bu məsələ ilə əlaqədar dinləmələr 2012-ci il aprelin 16-da başlanıb.  Məhkəmə prosesi gedişində “Oracle”-ın banisi və direktoru Larri Ellison (Larry Ellison), “Google” şirkətinin həmtəsisçisi və onun icraçı direktoru Larri Peyc (Larry Page) iştirak edib.

Hakimlərə “Google”-un təqsirli olması barəsində qərar çıxartmaq üçün 5 gün vaxt verilmişdi. Lakin onlar vahid qərara gələ bilməyiblər. Bundan sonra dairə hakimi Uilyam Olsap qərarı 4 maddəyə ayırıb və “Google” həmin maddələrdən biri üzrə təqsirli bilinib.

Prosesə rəhbərlik edən hakimin sözlərinə görə, 9 sətir koda görə maksimal cərimə 150 min dolları ötə bilməz. Bu məbləğ “Oracle” korporasiyasının tələb etdiyi 1 mlrd. dollardan qat-qat azdır.
 
EMİL





08/05/12    Çap et