Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rasim Əliquliyev: “Azərbaycan hazırda beynəlxalq reytinqlərdə yüksək yer tuta biləcək infrastruktur göstəricilərinə malikdir”


Biliklər iqtisadiyyatı artıq dünyanın inkişaf etmiş ölkələrinin əsas prioritetlərindən biridir. Azərbaycanda da son 20 il ərzində keçmiş ideoloji-sosial-iqtisadi sistemdən yeni sistemə transformasiya prosesi gedir və ölkəmizdə respublika prezidenti tərəfindən biliklər iqtisadiyyatının əsasını təşkil edə biləcək çox önəmli fərman və sərəncamlar verilib.

Bunlardan xüsusilə “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında 2009-2015-ci illər üzrə Elmin İnkişafına dair Milli Strategiya”nı qeyd etmək olar. Təxminən son 7-8 il ərzində sözügedən proqramın Azərbaycanda həyata keçirilməsi istiqamətində mühüm işlər aparılıb.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru Rasim Əliquliyev məlumat verib. Onun sözlərinə görə, artıq  texnoloji parametrlərinə görə ölkəmizdə informasiya cəmiyyətinin əsası qoyulub: ”Əhalinin 50 faizdən çoxu internetə qoşulub,  110 faizi mobil telefonla təmin olunub.

Azərbaycan hazırda beynəlxalq reytinqlərdə yüksək yer tuta biləcək infrastruktur göstəricilərinə malikdir. Ona görə də biliklər iqtisadiyyatının əsasını bu texnoloji mühit təşkil edir və bunun da nəticəsində ölkəmizdə yeni innovativ mühit, yeni biliklər cəmiyyətinin formalaşması üçün zəmin yaranıb”.

R.Əliquliyev qeyd edib ki, ölkədə biliklər cəmiyyətinin formalaşmasına müxtəlif qurumlar məsuldur: ”Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu texnoloji mühiti formalaşdırır. Bundan başqa, AMEA-nın 40 qurumundan biri olan İnformasiya Texnologiyaları İnstitutu da həm ölkə daxilində, həm də ölkədən kənarda bütün ictimaiyyət üçün açıqdır.

Bütün dövlət, qeyri-hökumət və biznes qurumları ilə işgüzar münasibətlər qururuq. İnstitutun fəaliyyətinin əsasını da biz biliklər iqtisadiyyatının tələblərinə uyğunlaşdırırıq. Yəni, biz artıq biliklər iqtisadiyyatını istehsal vahidinə çevirmək üçün “elm-təhsil-innovasiya” üçbucağı təşkil edən bir institut yaratmışıq və bu institutun formalaşmasında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun tövsiyələrini rəhbər tutmuşuq.

Çünki biliklər iqtisadiyyatının əsas quruma çevrilməsi üçün mütləq biliyimizin əmtəələşməsi, kommersiyalaşdırılması üçün bu mühiti yaratmaq lazım idi. İnstitutun fəaliyyət formasını tamamilə dəyişdirib, biliklər iqtisadiyyatı formasına gətirib çıxarmışıq”.

Direktorun sözlərinə görə, hazırda İTİ 7 dövlət proqramında iştirak edir: “Bu proqramlarda yaxından iştirak edirik ki, bizim əldə etdiyimiz elmi nəticələr birbaşa Azərbaycan cəmiyyətinə, müxtəlif sahələrdə tətbiq olunsun. Cəmiyyətdə informasiya texnologiyalarına böyük tələbat var.

Biz institutun tərkibində Tədris İnnovasiya Mərkəzinin vasitəsilə Azərbaycanın ayrı-ayrı rayonlarında İKT biliklərinin, distant təhsil texnologiyalarının yayılması, müxtəlif dövlət qurumlarında məmurlara İKT biliklərinin verilməsi kimi çoxsaylı layihələr həyata keçiririk və bu layihələrin də əsas sifarişçisi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir”.

Həqiqət İSABALAYEVA





08/05/12    Çap et