Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakcell” Londonda keçirilən Biznes Forumun sponsoru olub
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi “Bakcell” şirkəti Avropa Azərbaycan Cəmiyyətinin Londonda (AAC) təşkil etdiyi illik Biznes Forumun sponsorlarından biri olub. Azərbaycan, Türkiyə və bir sıra Avropa ölkələrindən 250 nəfərdən artıq nümayəndənin iştirak etdiyi «Azərbaycan və Türkiyə: müxtəlif investisiya imkanları» mövzusundakı forumda müxtəlif biznes sektorları, xüsusilə enerji, maliyyə layihələri və bank investisiyaları, İKT sahəsi, kənd təsərrüfatı və s ilə bağlı müzakirələr aparılıb.
“Bakcell”in AAC Biznes Forumunda iştirakının vacibliyini vurğulan şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib: “Telekommunikasiya sənayesi qlobal biznesdir.
Bakcell kimi böyük şirkətlərinin formalaşdırdığı qlobal telekommunikasiya məkanına bir çox ölkələrin şirkətləri daxildir. AAC Biznes Forumu kimi tədbirlər digər ölkələrin şirkətləri ilə tərəfdaşlıq qurmaq üçün əlverişli bir platformadır. Bakcell proqram təminatı və avadanlıqlarla təchiz olunma sahəsində bir sıra əcnəbi təchizatçılarla sıx geniş əməkdaşlıq edir.
Bakcell Azərbaycanın ən iri şirkətlərindən biridir və hər il davamlı olaraq öz şəbəkəsinə və xidmətlərinə mühüm sərmayələr yatırır. Şirkətimizin profilini genişləndirmək üçün maliyyə, texnologiya və xidmət sahəsində fəaliyyət göstərən tərəfdaşlarla fəal işgüzar əlaqələri genişləndiririk və buna görə də bu cür nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etmək bizim üçün olduqca əhəmiyyətlidir”.
Cənab Şirer həmçinin Forumda İKT sahəsinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda mövqeyi, telekommunikasiya sektorunun investisiya üçün ən böyük potensiala malik olan seqmenti olmasına dair təqdimatla çıxış edib.
Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərovun sözlərinə görə, builki Biznes Forum 2011-ci ildə keçirilmiş forumdan fərqli idi, çünki həm Azərbaycanı, həm də Türkiyəni əhatə edirdi: “Bizim fikrimizcə, regionda baş tutan bütün iqtisadi layihələr avtomatik olaraq hər iki ölkəni birləşdirir.
Buna səbəb təkcə Azərbaycan və Türkiyə kimi qardaş ölkələr arasında mədəni əlaqələrin mövcud olması deyil, eyni zamanda bizim ölkələrimizin coğrafi mövqeyidir. Azərbaycan iqtisadiyyatın ən sürətlə inkişaf etdiyi ölkələrdən biridir. Ölkənin inkişafı ciddi şəkildə neft və qaz sənayesi ilə bağlıdır və neft-qaz ehtiyatların böyük hissəsi Türkiyə vasitəsilə Avropa bazarına çıxarılacaq”.
Xatırladaq ki, 2012-ci ildə Bakcell şirkəti bir neçə beynəlxalq tədbirə tərəfdaşlıq edib. Şirkət bu yaxınlarda Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilmiş 15-ci Avrasiya İqtisadi Zirvə Forumunun sponsorlarından biri olub. Tədbirdə Avrasiya regionunun hökumət, özəl və qeyri- hökumət sektorlarının nümayəndələri iştirak ediblər.
08/05/12 Çap et