Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məhəmməd Məmmədov: “Kənd ATS-də danışıq xidmətlərinin həcmi 13 faiz artıb”
“Kənd ATS-də danışıq xidmətlərinin həcmi 13 faiz artıb”. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmədov məlumat verib. Onun sözlərinə görə, artım Salyan, Samux, Zərdab, Abşeron və Goranboyda xüsusilə yüksək olub. Baş direktor əldə olunan uğurları aparılan gərgin işlərin bəhrəsi kimi qiymətləndirib.
“Bu, gərgin əməyin nəticəsidir. Kənd şəbəkəsinin elektronlaşdırılması, birləşdirici xətlərin optikləşdirilməsi, maarifləndirmə və s. bu kimi işlər göstərilən xidmətlərin həcmi ilə bərabər, keyfiyyətinin də yüksəlməsinə zəmin yaradıb. Bu gün internet xidmətlərinə tələbatın artması telefona olan tələbatı daha da artırıb. Bu gün çəkinmədən demək olar ki, kənd yerlərində qonşu-qonşu ilə telefonla bir-birindən hal-əhval tutur.
Biz fəaliyyətimizi daha da genişləndirərək yüksək keyfiyyətli xidmətlər göstərməyi qarşıya məqsəd qoymuşduq”- deyə baş direktor söyləyib. M.Məmmədov həmçinin bildirib ki, aparılan gərgin və məqsədyönlü işlər nəticəsində rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 662 mini keçib. Hazırda birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12-yə, 100 ailəyə düşən telefonların sayı 57,3-ə çatıb.
Baş direktor regionlarda CDMA tipli simsiz telefonlara da böyük tələbat olduğunu bildirib.
Hazırda CDMA simsiz telefon şəbəkəsində abunəçilərin sayının 20 mini keçdiyini söyləyən baş direktor 5 yaşayış məntəqəsinin bu xidmətin əhatə dairəsinə qatıldığından bu məntəqələrdə istismar olunan peyk terminallarının istismardan çıxarıldığını deyib.
Rəvan
10/05/12 Çap et