Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar Azərbaycanın “Milli peyvənd təqvimi” haqqında məlumatları onlayn ala biləcəklər


Bundan sonra vətəndaşlar immunlaşdırma təqvimi haqqında məlumatları onlayn ala biləcəklər. Belə ki, əhalinin bununla bağlı dərhal məlumatlandırılması üçün bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, müvafiq xidmətin təşkili “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 2011-ci il tarixli fərmanına, eləcə də “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna, “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarına əsaslanır. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən icra olunan bu xidmət informativ olmaqla, ödənişsiz həyata keçirilir.

Peyvəndlərlə bağlı bu xidmət hər bir şəxsə “sehiyye.gov.az/immunoprofilaktika_uzre_veb_resurs.html” internet ünvanı vasitəsilə təqdim edilir. İstifadəçilər üçün daim açıq olan sözügedən xidmətin istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur.

Qeyd edək ki, Azərbaycanın “Milli peyvənd təqvimi”nə görə, uşaqlara doğumdan sonra 12 saat ərzində başlayaraq, 6 yaşlarına qədər xəstəliklərin profilaktikasına uyğun olaraq, müxtəlif aylarda müvafiq peyvənd vurulur. Respublikada istifadə olunan vaksinlərə gəlincə, hepatit B xəstəliyinə qarşı peyvənd üçün  1-10, vərəm əleyhinə peyvənd üçün 10 dozalıq,  poliomielitə qarşı peyvənd üçün də 10 dozalıq flakonlar  istifadə olunur.
 
HƏQİQƏT





10/05/12    Çap et