Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə Bakı” heyətini gücləndirir


“Rabitə Bakı” voleybol klubu növbəti mövsümdə güclü heyətlə çıxış etmək üçün yeni transferlər etmək niyyətindədir. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, klub Polşa milli komandasının toppaylayıcısı Katarzina Skorupa ilə razılığa gəlib.

O,  növbəti mövsümdə dünya çempionlarının şərəfini qoruyacaq. 28 yaşlı Katarzina İtaliyanın “Urbino” klubundan transfer olunub. 183 sm boya malik voleybolçunun karyerasında Azərbaycan 2-ci ölkə olacaq.

Çünki peşəkar karyerasına 2002-ci ildən başlayan Skorupa 9 il vətənində forma geyinib. O, bu illərdə Polşa çempionatının qızıl (2009/2010), gümüş (2006/2007, 2007/2008, 2008/2009) və bürünc (2004/2005, 2010/2011) medallarına sahib olub. Bundan əlavə, “Rabitə Bakı”nın yeni transferi ölkə kubokunu (2006, 2008, 2009) və Superkubokunu (2010) qazanıb.

Katarzina, həmçinin, 2008-ci ildə Polşa çempionatının ən dəyərli voleybolçusu və ən yaxşı toppaylayıcısı seçilib. 2009 və 2011-ci illərdə də onu öz mövqeyində qabaqlayan olmayıb və ölkəsinin ən yaxşısı olub. 2005-ci ildən milli komandasının şərəfini qoruyan voleybolçu “Pekin-2008”-də də yığmalarının heyətində yer alıb.




11/05/12    Çap et