Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakıelektrikşəbəkə”də telefon vasitələri avtomatlaşdırılır
"Bakıelektrikşəbəkə" ASC tərəfindən "199 Qəza xidməti"nin işinin müasir dövrün tələblərinə cavab verəcək bir səviyyədə qurulması üçün xeyli iş görülüb. Səhmdar Cəmiyyətin məlumatına görə, ilk növbədə, bu xidmətin əməkdaşları yeni xidməti sahə ilə, müasir ofis avadanlığı, ən qabaqcıl texnoloji informasiya vasitələri, xüsusi telefon aparatları, radio və mobil telefonları, "Motorola" radiostansiyaları ilə, həmçinin, eyni vaxtda həm məlumatı qəbul etmək, kompyuterlə işləmək, həm də məlumatı çatdırmağa imkan verən xüsusi qulaqcıqlarla təmin ediliblər.
İstehlakçıların zənglərinin rayon (sahə) istismar şöbələrindən "199 Qəza xidməti"nə istiqamətləndirilməsi məqsədi ilə pilot layihəsi çərçivəsində "Bakıelektrikşəbəkə"nin ASC-nin Nərimanov, Xəzər və Yasamal rayonlarında telefon vasitələrinin avtomatlaşdırılması prosesi başa çatdırılıb. İstehlakçılar tərəfindən edilən zənglər "199 Qəza xidməti"nə yönləndirilir.
Avtomatlaşdırmanın əsas məqsədi, bütün informasiyaların mərkəzləşdirilməsi, operativ xidmətin təşkili, ümumi struktur bölmələr üzrə məlumatların operativ çatdırılması, abunəçilərə fasiləsiz elektrik enerjisinin ötürülməsi, rayon ərazilərində açılmaların, qəzaların, partlayışların, yanğınların və əhalinin enerjisiz qaldığı ərazilərin dəqiqləşdirilməsi, şəbəkənin dayanıqlılığının saxlanılmasıdır.
Yaxın vaxtlarda bu xidmətin imkanlarının daha da genişləndirilməsi üçün Səhmdar Cəmiyyət "199 Qəza xidməti"ndə mərkəzləşdirilmiş zənglər sisteminin tətbiqini həyata keçirməyi planlaşdırır. Bu isə istehlakçılara göstəriləcək xidmətin keyfiyyətinin dünya standartlarına çatdırılması üçün ciddi zəmin yaradacaq.
CAHANGİR
14/05/12 Çap et