Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DMX elektron xidmətlər üzrə inzibati reqlament layihələrini ictimai müzakirəyə təqdim edib


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlament layihələri ictimai müzakirəyə təqdim olunub.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu elektron xidmətlərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazənin alınması, daimi yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması, əcnəbinin haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin alınması, icazənin müddətinin uzadılması, həmçinin  Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpa edilməsi, vətəndaşlıqdan çıxma və miqrasiya orqanlarında qulluğa qəbul olunma xidmətləri daxildir. Elektron xidmətlərin hər biri interaktiv xarakter daşıyır və qismən avtomatlaşdırılıb.

Göstərilən xidmətlərlə əlaqədar elektron müraciət etmək istəyən  şəxslər elektron xidmət bolməsində yerləşdirilmiş ərizə-anket formasını doldurur, imzalayır, skan edir və digər sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron xidmət bölməsində müvafiq qaydada qeydiyyatdan keçərək Dövlət Miqrasiya Xidmətinə göndərir. Xidmət sənədləri elektron qaydada qəbul etdikdən sonra tələb olunan sənədləri göndərən şəxslərin elektron poçt ünvanına sənədlərin qəbul edilməsinə dair təsdiqetmə bildirişi göndərilir.

Bildirişdə müraciətin nəticəsinin əldə olunması zamanı notarial qaydada təsdiqlənmə müəyyənləşdirilmiş tələb olunan sənədlərin, o cümlədən müvafiq sənədlər barədə dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından informasiya əldə etmək mümkün olmadığı hallarda həmin sənədlərin əslinin bilavasitə təqdim ediləcəyi barədə məlumat verilir.

Elektron müraciətlər zamanı ərizə-anket forması düzgun doldurulmadıqda, tələb olunan sənədlər təqdim edilmədikdə, təqdim edilmiş sənədlər arasında ziddiyyətli məlumatlar olduqda və qanunvericilikdə nəzərdə tutulan digər hallarda sənədlərin qəbul edilməsindən imtina edilir və bu barədə həmin şəxslərin elektron poçt ünvanına bildiriş göndərilir. Bildirişdə sənədlərin qəbulundan imtinanın səbəbləri və çatışmazlıqlar gostərilir. Bu hallar aradan qaldırıldıqdan sonra yenidən müraciət oluna bilər.

Sənədlər tam şəkildə qəbul olunduqdan sonra müraciət icraata götürülür. Müraciət edən şəxslər elektron xidmət bölməsinə  daxil olmaqla mütəmadi olaraq müraciətlərinə dair icraatın gedişi və nəticəsi, o cumlədən müraciətlərinə məsul olan şəxs barədə məlumat əldə etmək imkanına malikdir.

Qeyd edək ki, elektron xidmətlərin göstərilməsi uzrə yaranan mübahisələr tərəflərin razılaşması yolu ilə həll olunmadığı halda, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.
 
CAHANGİR





14/05/12    Çap et