Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cenevrədə WSIS Forumu işə başlayıb


Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə Forum  öz işinə başlayıb. Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və İnkişaf Proqramı tərəfindən təşkil olunmuş tədbir informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətinin ən iri illik forumudur. Burada BMT-nin ixtisaslaşmış müəssisələri, hökumətlər, vətəndaş cəmiyyəti və İKT sahəsinin təşkilatları təmsil olunur.

Ənənəvi olaraq hər ilin mayında keçirilən  Forumun gündəliyinə kənd yerlərinin inkişafı, informasiya-kommunikasiya infrastrukturu, kibertəhlükəsizlik, təhsil, səhiyyə, innovasiya və digər məsələlər daxildir.
Açılış mərasimində Elmir Vəlizadə çıxış etmiş, Azərbaycanın informasiya cəmiyyəti məsələlərində əldə etdiyi təcrübə və uğurları iştirakçılarla bölüşüb.

Mayın 18-dək davam edəcək forum WSIS məqsədlərinə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinin müzakirəsindən başqa, digər məsələlər üzrə interaktiv müzakirə və informasiya mübadiləsinə kömək edəcəkdir. 

Birinci mərhələsi 2003-cü ildə Cenevrədə, ikinci mərhələsi isə 2005-ci ildə Tunisdə təşkil olunmuş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti dünya ictimaiyyəti üçün üçüncü minilliyin başlanmasının əsas hadisəsi olan, eləcə də sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçidi ifadə edən əlamətdar hadisə olub. 





15/05/12    Çap et