Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sumqayıt Texnoloji Parkı məhsulların ixracına başlayıb


Sumqayıt Texnoloji Parkı (STP) öz məhsullarının ixracına başlayıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirib.
"Əsasən ixraca kabel zavodunun məhsulları göndərilir. Məhsullar hələlik Xəzəryanı ölkələrə ixrac edilir", - Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ixracın coğrafiyası genişlənəcək və qonşu ölkələri - Rusiya, İran, Türkiyəni, daha sonra isə Avropa ölkələrini əhatə edəcək.STP-nin 2013-cü ilin sonunadək tam gücü ilə işləyəcəyi gözlənilir.

Parkda tətbiq olunan bəzi texnologiyalar, təkcə Azərbaycan üçün deyil, bütün region üçün yenilik hesab edilir. Məsələn, alternativ energetika sahəsində bəzi qurğu və kabellər MDB-də istehsal olunmur.

Bu gün texnoparkda 3 min nəfər çalışır, parkın istehsal gücünün artımı ilə işçilərin sayı da artacaq.
Hazırda texnoparkda on müəssisə fəaliyyət göstərir, 2013-cü ilin sonunadək daha səkkiz müəssisə yaradılacaq. Bu müəssisələrdən dördünün bu ilin sonuna kimi yaradılması planlaşdırılır.





15/05/12    Çap et