Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərsu" ASC tərəfindən təqdim olunan elektron xidmətlər tam avtomatlaşdırılıb
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar olaraq “Azərsu” ASC 3 elektron xidmət təqdim edir. Bu xidmətlərə su borcunun internet vasitəsilə öyrənilməsi, ödənilməsi və terminallar vasitəsilə ödəniş aparılması daxildir.
Bu barədə “İCTnews” elektron xəbər xidməti Səhmdar Cəmiyyətin rəsmi saytına (www.azersu.az) istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, su borcunun internet vasitəsilə öyrənilməsi xidmətindən istifadə etmək üçün “Azərsu” MMC-nin rəsmi internet səhifəsinə (www.azersu.az) daxil olaraq sistemə abonent kodu və tipi daxil edilməklə sorğu verilir. Bu zaman həmin abonentə aid su borcu, sayğac nömrəsi, sayğacın son göstəricisi və son göstərici oxunma tarixini özundə əks etdirən məlumat verilir.
Su borcunun internet vasitəsilə ödənilməsi xidmətindən istifadə etmək üçün yalnız abonent kodu tələb olunur. Xidmət Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri (KÖMİS) və “GoldenPay” MMC ilə birgə həyata keçirilir.
Xidmətdən “www.azersu.az” saytı ilə yanaşı, “www.apus.az”, “www.hesab.az”, “www.quick.az” saytları vasitəsilə də istifadə etmək olar.
Su borcunun terminallar vasitəsilə ödənilməsi xidməti sayəsində isə bütün abonentlər “PayPoint” ödəmə terminalları vasitəsilə su borclarını ödəyə bilərlər. Xidmət “Komtec” MMC ilə birgə həyata keçirilir.
Qeyd edək ki, interaktiv olan bu elektron xidmətlər ödənişsizdir və tam avtomatlaşdırılıb.
CAHANGİR
16/05/12 Çap et