Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

CAR və Azərbaycan televiziyalarla bağlı razılığa gəliblər


İctimai Televiziya ilə Cənubi Afrika Respublikasının (CAR) telekanalları arasında əlaqələr qurulur. Azərbaycanın  CAR-dakı səfirliyindən “İCTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, bu ölkədəki səfirimiz Elxan Poluxov, özündə üç televiziya və bir çox radio kanallarını birləşdirən, dövlətə məxsus “South African Broadcasting Corporation Limited (SABC)”in (Cənubi Afrika Yayım Cəmiyyəti) baş direktoru xanım Mmabato Ramaqoşi ilə görüş keçirib. Görüş zamanı xanım M.Ramaqoşi səfirliyimizin “SABC”-yə göstərdiyi maraqdan məmnun olduğunu və Azərbaycan haqda geniş məlumat toplamaq istədiyini bildirib. Azərbaycan KİV-i ilə əməkdaşlığın mümkünlüyünü qeyd edən M.Ramaqoşi səfirliyin köməyi olduğu təqdirdə bunun qısa bir zaman ərzində baş tuta biləcəyini qeyd edib.

Səfir Elxan Poluxov isə öz növbəsində qəbula görə təşəkkürünü bildirərək medianın böyük rolunu anladığını deyib. Daha sonra səfir E.Poluxov həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəni, iqtisadi və siyası durumu haqda ümumi məlumat verib.

Görüş zamanı tərəflər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və İctimai Televiziya və Radio Yayımları Şırkəti ilə “SABC” arasında işgüzar əlaqələrin qurulması məsələsi ətrafında fikir mübadiləsi aparmış və hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsində razılaşıblar.   

Qeyd etmək istərdik ki, “SABC” CAR-ın ən böyük və yeganə bütün ölkəni əhatə edən televiziya və radio yayım şirkətidir.
 
SEYMUR





17/05/12    Çap et