Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumu başa çatıb


«İnternetin, sosial medianın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bunlar motivasiya, vaxtın sərfinin istifadəsi, filtrlənməmiş bilgi və miderasiyon çatışmazlığıdır ki, gənclərin bu zərərli təsirlərdən qorunma yolları düşünülməlidir».

“İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda Dialoq Avrasiya Platformunun (DAP) dönəm başqanı Vladimir Sergeyçuk söyləyib. O, sosial medianın müsbət tərəflərinin daha çox olduğunu vurğulayaraq əlavə edib ki, gəncləri də onun müsbət tərəflərini götürmək üçün istiqamətləndirmək lazımdır.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva bildirib ki, dialoq, sadəcə, dözümlülükdən, tolerantlıqdan deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir.

O, dünyanın harasında baş verməsindən asılı olmayaraq etnik təmizləmə siyasəti, irqçilik siyasəti aparanlara qarşı hər kəsin öz etiraz səsini ucaltmasının və mübarizə aparmasının vacibliyini bildirib və gəncləri bu kimi məsələlərə həssas olmağa çağırıb.

O, sosial medianın da mədəniyyətlərarası dialoqun genişlənməsində böyük rol oynaya biləcəyini deyib: “Biz gənclərə sosial medianı qadağan etməməliyik, bu, faydasız olacaq, biz sadəcə, onları sosial mediadan inkişafları üçün yararlanmaları istiqamətində davamlı bilgiləndirməli, təhsilləndirməliyik. Bu, indi dövlətlərin, cəmiyyətlərin, qeyri-hökumət təşkilatlarının, KİV-in, xüsusilə ailələrin üzərinə düşən ən vacib vəzifələrdən biridir”.

İstanbul Universiteti İletişim fakültəsi dekanı Aydəmir Okay isə sosial medianın gənclər arasında sürətlə inkişaf etdiyini vurğulayaraq gənclərin onun müsbət tərəflərindən yararlanması istiqamətində məlumatlandırılmasının genişlənməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, dövlət bu istiqamətdə geniş təbliğat işləri aparmalıdır.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktor müavini Roidə Rzayeva da sosial media və gənclik mövzusunda geniş çıxış edib və sosial media və postmodernizm paralelliyini aparıb.

Sonda forumda nəzarətsiz inkişaf etməkdə olan sosial mediada müsbət bir dilin istifadə olunmasının vacibliyi yekdilliklə vurğulanıb.

SEYMUR





17/05/12    Çap et