Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Videokonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial müdafiə proqramlarının inkişaf perspektivlərinə və rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinə dair videokonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilib. Bu barədə “İCTnews.az” elektron xəbər xidmətinə ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib.
Onun sözlərinə görə, nazir Füzuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, ünvanlı sosial yardımların mərkəzləşdirilmiş ödəniş və nəzarət sisteminin qurulması, aktiv sosial yardım proqramlarının tətbiqi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Müşavirədə həmçinin vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Bölgələrdə vətəndaşların müraciətlərinin özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması işlərinin vətəndaşların şikayət məzmunlu müraciətlərinin sayının xeyli azalmasında, eyni zamanda nazirliyin strukturlarında çalışan əməkdaşların vətəndaşlarla münasibətlərində məsuliyyət hissinin güclənməsində xüsusi əhəmiyyət kəsb etdiyi və bunun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Məlumat üçün bildirək ki, 2010-cu ildə nazirlikdə yaradılan VC (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulları təşkil olunur. Artıq Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarındakı ƏSMM-lərdə də mövcud olan və həmin rayonlarla videoəlaqə yaratmaq imkanı verən bu sistemin cari ildə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.
SEYMUR
17/05/12 Çap et