Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı toplantı keçirilib
Nağdsız hesablaşmaların aparılması, POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı Vergilər Nazirliyində toplantı keçirilib. Toplantıda Vergilər, İqtisadi İnkişaf, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Mərkəzi Bankın rəhbər vəzifəli şəxsləri, bank və biznes sektorunun nümayəndələri iştirak ediblər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, tədbirdə ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi, eləcə də POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə edilib.
Toplantıda çıxış edən vergilər naziri Fazil Məmmədov “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” respublika prezidentinin 24 noyabr 2010-cu il tarixli fərmanında, eləcə də ölkə başçısının sədrliyi ilə 14 yanvar 2011-ci il tarixində keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aidiyyəti dövlət qurumlarına ölkə ərazisində aparılan əməliyyatların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı prezident tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu istiqamətdə görüləcək işlərin icrasına nəzarət etmək məqsədilə xüsusi Qərargah yaradılıb.
Bu Qərargahın fəaliyyəti, işlərin koordinasiyalı şəkildə qurulması, eləcə də prosessinq mərkəzləri ilə aparılmış danışıqlar nəticəsində POS-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi ümumilikdə ticarət və xidmət obyektlərinin POS-terminallarla təchiz olunması prosesinə təkan verib, qısa müddət ərzində ciddi dəyişikliklərə nail olunub.
HƏQİQƏT
17/05/12 Çap et