Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır


Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Layihəyə Azərbaycanın nazirlik və idarələrində baxılır. Layihə çərçivəsində işlər yeni nəsil şəxsiyyət vəsiqlərinin verilməsinin müvafiq qayda və prosedurları hazırlandıqdan sonra başlayacaq. Hazırda Azərbaycanda şəxsiyyət vəsiqələrində gözün rəngi, boy və qan qrupu göstərilir, halbuki dünya təcrübəsində biometrik göstəricilərin 30-dan çox növü var. Bir pasporta bütün bu göstəriciləri daxil etmək mümkün deyil. Bununla əlaqədar gözlərin tor qişasının rəqəmsallaşdırılması, barmaq izləri və pasportun elekton çipinə daxil edilən digərləri götürülür.
Hazırda DİN, Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanlarının, eləcə də biometrik identifikasiya sisteminin tətbiqi layihəsində iştirak edən bütün qurumların başlıca vəzifəsi bu proqramın həyata keçirilməsini maksimal sürətləndirmək və imkan daxilində müddəti azaltmaqdan ibarətdir. Təqvim planı layihənin 2012-ci ilədək tətbiqini nəzərdə tutur.

"Elə həmin müddətdə biometrik pasportlardan istifadə də mümkün olacaq. Yeni pasportlar prinsipcə yeni dizaynda olacaq. Onlar tam nadir və ən qorunan olacaq", - Ədliyyə Nazirliyindən bildiriblər. Yeni nəsil pasportlarında onun sahibi haqqında bütün lazımi informasiyanın yüklənəcəyi mikroçip olacaq. Biometrik pasportların tətbiqində əsas məqsəd ölkələrin mütəşəkkil cinayətkarlıqla birgə mübarizəsinin təminidir.

Layihəyə uyğun olaraq, Azərbaycanda yeni nəsil pasportların fərdiləşdirilməsi ilə məşğul olacaq mərkəzlər yaradılacaq. Ölkədə məlumat bazası yaradılacaq, biometrik göstəricilər gələcəkdə məlumatların pasportun xüsusi biometrik səhifəsinə salınması ilə pasportun içərisinə sıxılmış çiplərə daxil ediləcək. Bu sistemin tətbiqi Azərbaycanda "bir pəncərə" prinsipinin rahat və optimal tətbiqinə gətirib çıxaracaq. Bu, ilk növbədə, bürokratik elementləri aradan qaldırmağa, arayışların sayını və onların təsdiqlənməsi vaxtını azaltmağa imkan verəcək. Vətəndaş biometrik şəxsiyyət vəsiqəsinə malik olmaqla, bütün məlumat bazalarında yazılı təsdiq və ya arayış almadan keçə biləcək.






01/06/11    Çap et