Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tələbələrə tələbə kartı verilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə "Azərbaycan Tələbə kartı"nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub.

Bununla əlaqədar olaraq Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Azərbaycan Tələbə kartı"nın “Avropa Gənclər kartı” ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülüb.

"İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, ölkəmiz, gənc kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub. ATGTİ “Avropa Gənclər kartı”nı Azərbaycanda "Xəzər" İnvestisiya Mərkəzi liə birgə təmsil edir.

“Azərbaycan Tələbə kartı”nın “Avropa Gənclər kartı” ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet-klublardan və sairədən güzəştlərlə istifadə etmək imkanını yaradır.

Ötən gün "Hilton Baku" otelində “Azərbaycan tələbə kartı” ilk istifadəçilərinə təqdim olunub. Həmin gün Azərbaycanın müxtəlif universitetlərindən olan 150 tələbə, ilin sonunadək isə bütün ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri “Azərbaycan Tələbə kartı” ilə təmin ediləcək. Qeyd edilməlidir ki, dünyada ilk dəfə olaraq Tələbə kartları dövlət hesabına təmənnasız olaraq təhsil müddəti bitənədək tələbələrin istifadəsinə veriləcək.

SEYMUR
 





21/05/12    Çap et