Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müəssisə rəhbərləri işçilərin müayinədən keçməsi barədə məlumatları elektron formada əldə edəcəklər


Bundan sonra müəssisə rəhbərləri öz tabeliyində çalışan obliqat qrupuna aid işçilərinin müayinədən keçmələri barədə məlumatları elektron şəkildə maneəsiz dolğun əldə edə biləcəklər. Hələlik isə bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu xidmətin göstərilməsi “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında” respublika prezidentinin 2005-ci il tarixli sərəncamı, “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsaslanır. Xidmətin digər hüquqi əsası “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin fərmanıdır.

İcrası Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, ərazi gigiyena və epidemiologiya mərkəzləri və ərazi poliklinikaları tərəfindən həyata keçiriləcək bu xidmət interaktiv və ödənişsizdir. Xidmətin istifadəçiləri isə ilkin və dövri tibbi müayinədən keçməsi tələb olunan işçiləri olan mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlardır.

Mərkəzdən bildirilib ki, bu sahədə elektron xidmət “http://e-health.gov.az/tmks” internet ünvanı vasitəsilə təqdim edilir. Elektron xidmətin göstərilməsi üçün isə heç bir sənəd tələb olunmur. Elektron xidmətdən istifadə üçün ilkin olaraq “http://e-health.gov.az/tmks” internet ünvanında qeydiyyatdan keçmək lazımdır. Bunun üçün müəssisə rəhbəri və ya məsul şəxs müəssisənin VÖEN-ni və şəxsiyyətini təsdiq edən sənədin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin edir.

İlkin və dövri tibbi müayinədən keçməsi tələb olunan işçiləri haqqında məlumatların əldə edilməsi üçün məsul şəxs siyahıdan müəssisəni seçərək qeydiyyat zamanı təyin etdiyi şifrəni daxil etməlidir. Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə xidmətdən istifadə mümkün olmayacaq. Xidmətin yerinə yetirilməsinə nəzarəti isə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
 
HƏQİQƏT





21/05/12    Çap et