Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreya Azərbaycanda kompyuter sisteminin yenilənməsinə 100 min dollar xərcləyəcək


Bu gün Koreya Milli İnformasiya  Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin  Cənubi Koreya olduğuna diqqət çəkib, ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsindən məmnunluq ifadə edib.

Eyni zamanda rektor BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. Rektor universitetdə tədris olunan Koreya dili və ədəbiyyatından söz açıb, hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduqlarını bildirib.

Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən "İCTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun bildirib ki, səfərlərinin məqsədi 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya Məlumat Mərkəzinin monitorinqini aparmaqdır.

Onlar mərkəzlə tanış olub və müəyyən yenilənmə işlərinin aparılması qərarına gəliblər.
Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, videokonfrans və virtual universitetin yaradılması daxildir. Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.

Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.Qeyd edək ki, Azərbaycan-Koreya Məlumat Mərkəzinin yenilənmə prosesindən sonra açılışı  avqust ayına nəzərdə tutulur. Təxminən 100 min dollara başa gələcək təchizat işləri əvəzsiz olaraq (BDU heç bir vəsait ödəməyəcək) həyata keçiriləcək.

SEYMUR





21/05/12    Çap et