Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan nümayəndə heyəti “elektron hökumət” sahəsində Estoniya təcrübəsi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi ilə birlikdə cari il 13-17 may tarixlərdə Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarını təmsil edən dövlət qulluqçuları üçün “E-hökumətin hüquqi çərçivəsi - əsas anlayışlar və əldə edilən nəticələr” mövzusunda təlim kursu təşkil edib.
Komissiyanın mətbuat xidmətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və E-hökumət Akademiyası tərəfindən keçirilən təlim kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Mədəniyyət və Turizm, Gənclər və İdman, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə nazirliklərinin, Dövlət Gömrük və Dövlət Torpaq və Xəritəçəkmə komitələrinin əməkdaşları iştirak ediblər.
“E-hökumət siyasəti və onun hüquq çərçivəsi barədə ümumi məlumat”, “E-hökumətin hüquqi çərçivəsi barədə anlayışlar”, “E-hökumət və korrupsiyaya qarşı mübarizə”, “İnformasiya cəmiyyətində əqli mülkiyyət hüquqları”, “Estoniyada şəxsiyyəti təsdiq edən sənəd və rəqəmsal imza”, “Elektron şəxsiyyət vəsiqəsinin və rəqəmsal imzanın hüquqi aspektləri”, “İnformasiya cəmiyyətində şəxsi məlumatların mühafizəsinin hüquqi aspektləri”, “Telekommunikasiya sahəsinin beynəlxalq və Avropa İttifaqı çərçivəsində tənzimlənməsi”, “İnformasiya cəmiyyətində açıq hökumət: e-iştirak, e-səsvermə, e-demokratiya”, “Biznes reyestrinin hüquqi aspektləri – e-xidmətlər və müvafiq qaydalar üzrə nümunələr” mövzularını əhatə edən təlim kursunda Estoniya təcrübəsi diqqətə çatdırılıb və İKT-nin dövlət qulluğunda tətbiqinin üstünlükləri müzakirə olunub.
Təlim iştirakçıları Estoniyanın Sertifikatlaşdırma və Biznes Reyestri mərkəzlərinə gəlib və bu qurumların fəaliyyəti ilə tanış olublar.
CAHANGİR
22/05/12 Çap et