Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmətlərin göstərilməsi antikorrupsiya sahəsinə mühüm təsir göstərir


«Dövlət, cəmiyyət, biznes və qabaqcıl texnologiyaların optimal kombinasiyasına malik olmadan irəliyə doğru getmək mümkün deyil». "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri millət vəkili Əli Məsimli ötən illər ərzində ölkəmizin iqtisadi inkişafının təmin olunmasında həyata keçirilən islahatların əhəmiyyətindən danışarkən söyləyib.

O bildirib ki, hazırda dünyada böyük dəyişikliklər baş verir, idarəetmə texnologiyaları yenilənir, dünya informasiya cəmiyyətinə daxil olur və insan amili dominant rol oynayır.

Ona görə də insan amilindən bugünkü dövrün tələbləri səviyyəsində istifadə etdikdə öz səmərəsini verir. Şəffaflığın təmin olunması, vergi inzibatçılığı, elektron texnologiyalardan istifadə və digər sahələrdə yüksək nailiyyətlərin əldə olunmasının başlıca səbəbi də məhz bununla bağlıdır: «Azərbaycanın iqtisadi potensialı növbəti 10-20 il üçün respublikamızın qarşıya iddialı vəzifələr qoymasına imkan yaradır.

Bunlar ölkəmizin rəqabət qabiliyyətinə, adambaşına düşən milli məhsulun həcminə və insan inkişafı indeksinin səviyyəsinə görə inkişaf etmiş 50 dövlət sırasında olması ilə bağlı hədəflərdir və buna praqmatik, rasional islahatları genişləndirməklə tam nail olmaq mümkündür. Vergi sistemində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar xeyli pozitiv dəyişikliklər müşahidə olunur.

Mən hesab edirəm ki, Azərbaycanda «bir pəncərə» sisteminin tətbiq olunması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi bu sahədə atılan ciddi addımlardır. Onun fikrincə, inzibatçılığın təkmilləşdirilməsi, yeni elektron xidmət növlərinin göstərilməsi şəffaflığın təmin olunması və antikorrupsiya sahəsində öz mühüm təsirlərini göstərməkdədir».

SEYMUR





23/05/12    Çap et