Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkədə nağdsız ödənişlərin həcmi artır
Azərbaycanda nagdsız ödənişlərin həcmi ötən illərə nisbətdə artan temp üzrə inkişaf etməkdədir. Hökumətin elektron ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin həcminin genişləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər artıq nəticə verməkdədir.
Elə bunun nəticəsidir ki, görülən işlər iqtisadiyyatın lokomotivi sayılan bank sektorunun fəaliyyətində də canlanma yaradıb. Müxtəlif ticarət və xidmət müəssisələrində POS-terminalların quraşdırılması prosesində yaxından iştirak edən banklar həm də nağdsız ödənişlərin təşviqinə xidmət edən bir sıra stimullaşdırıcı aksiyalar keçirirlər.
POS-terminalların quraşdırılması ölkədə vergi sisteminin təkmilləşməsinə, müasir bank texnologiyalarının və xidmətlərinin inkişafına, nağdsız ödənişlərin artımına, beləliklə də iqtisadiyyatda şəffaflığın daha da yüksəldilməsinə xidmət edir. Əhali arasında müasir ödəniş vərdişlərinin geniş yayılması bank xidmətlərinə tələbatın artmasına gətirir, nəticədə banklarda müştərilərə daha yüksək xidmət göstərilir.
"İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, ölkənin bir sıra bankları kart sahiblərinə «card-to-card» köçürmələri, SMS-bank, internet-bank və telefon-bank xidmətləri, habelə kartla kommunal, rabitə, internet, kabel televiziyası ödənişləri və sair xidmətlər təqdim edir. İnternet vasitəsilə nağdsız ödənişlərin artımı üçün də müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir.
Üstəlik, banklar müştərilərinə daha da müasir xidmətlər göstərmək üçün İKT-nin verdiyi imkanlardan istifadə edərək öz yeniliklərini davam etdirməyə çalışırlar. Bütün bunlar da ölkədə nagdsız ödənişlərin həcminin artırılmasına xidmət edir.
SEYMUR
23/05/12 Çap et