Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BDU-da “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar-treninq keçirilib
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) müasir qloballaşma şəraitində elm və təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin miqyasının genişliyini nəzərə alaraq “MilliByte” İnformasiya Texnologiyaları Mərkəzi (İTM) ilə birlikdə universitetdə fəal tələbə-gənclər üçün “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar-treniq təşkil edib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.
Universitetdən bildirilib ki, seminarda BDU THİK-nin sədri Daşqın Qənbərov XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilməsindən söz açıb: “Onların təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edib.
Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir”.
Onun sözlərinə görə, dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur: “Ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq.
Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir.
Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib”.
“MilliByte” İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) direktoru Xəyal Kərim isə təmsil etdiyi mərkəzin prioritet istiqamətlərindən, maddi-texniki imkanları, pedaqoji potensialı barədə ümumi məlumat verib. Tələbələrin diqqətinə slaydlarla təqdim olunan seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
HƏQİQƏT
23/05/12 Çap et