Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron xidmət tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın alınmasını sürətləndirəcək


Səhiyyə Nazirliyi tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın alınmasının sadələşdirilməsi və sürətləndirilməsini nəzərdə tutur. Hələlik isə bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılıb.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, xidmətlərin avtomatlaşdırılması sözügedən sahədə məşğulluqdan ötrü lisenziya alınması üçün müraciətin elektron qaydada aparılmasına imkan verir. Bu sahədə elektron ərizələrin qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin fərmanına əsaslanır. Mərkəzdən qeyd edilib ki, tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciətin qəbulu yalnız Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

“Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a əsasən, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkarlanarsa, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. İnteraktiv olan bu xidmət növü ödənişsizdir və ondan hər bir şəxs istifadə edə bilər.

Bu sahədə elektron xidmət “http://www.e-health.gov.az/exidmet/app_el” internet ünvanı üzərindən təqdim edilir: “Xidmət istifadəçilər üçün daim açıqdır və istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur. İnteraktiv elektron xidmətlər üçün sorğu internet ünvanının xüsusi bölməsində yaradılmış və real vaxt rejimində ərizə formasının doldurulması ilə formalaşır.

Doldurulmuş ərizə elektron imza ilə təsdiq edildikdən sonra, tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada əlavə edilərək nazirliyin informasiya sistemində qeydiyyata düşür və sənədin qəbul edildiyi barədə ərizəçiyə bildiriş göndərilir.

Xidmətin yerinə yetirilməsinə nəzarəti isə nazirliyin Ümumi şöbəsi və Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir”. Nazirlikdən o da bildirilib ki, elektron xidmətin göstərilməsi üzrə mübahisələr yaranarsa, lisenziya verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
 
HƏQİQƏT





26/05/12    Çap et