Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vergilərinizi onlayn kalkulyator hesablayacaq
Artıq hər bir vergi ödəyicisi ödədiyi vergini özü hesablaya bilər. Bunun üçün Vergilər Nazirliyinin onlayn xidmətləri sırasına “Vergilərin hesablanması üçün kalkulyator” da yerləşdirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, kalkulyatorun köməyi ilə ƏDV məqsədləri üçün qeydiyyata alınmamış şəxslərin, avtonəqliyyat vasitəsilə sərnişin və yükdaşınmasını həyata keçirən şəxslərin və mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanmasını həyata keçirmək mümkündür.
Bundan başqa, bu onlayn xidmət fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən vergisinin hesablanmasına, həmçinin, yol vergisinin, mədən vergisinin, eləcə də vergi borclarına faizin hesablanmasına da imkan verir.
Bunun üçün ödəyici müvafiq vergi növünü seçməli, daha sonra açılan pəncərədə əməliyyatı davam etdirməlidir. Qeyd edək ki, nazirliyin internet səhifəsində vergi ödəyicilərini vergi ödənişləri barədə məlumatlandırmaq məqsədilə “Vergi borcları üzrə kömək” adlı bölmə də yaradılıb.
HƏQİQƏT
26/05/12 Çap et