Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Şagird-məzun sistemi”ndə bəzi sənədlər yenidən təftiş ediləcək
Təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməlidirlər. Sözügedən qurumlar bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyadan təhsil şöbələrinin və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin nəzərinə çatdırılıb ki, bu proses TQDK-nın 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"na əsaslanır.
Belə ki, qaydaların 4.1. bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar: “Bu bəndin tələblərini nəzərə alaraq, qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir”.
HƏQİQƏT
29/05/12 Çap et