Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ailə NET” Gəncədə fəaliyyətini genişləndirir


“Ailə TV” şirkətlər qrupuna daxil olan “Ailə NET” internet provayder şirkəti Gəncədə öz fəaliyyətini genişləndirir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Ailə TV” Şirkətlər Qrupunun mətbuat katibi Əlimərdan Sultanov məlumat verib.

Onun sözlərinə görə, şirkət bir müddət əvvəl Gəncə şəhərində fiber-optik texnologiya bazasında genişzolaqlı internet xidmətləri göstərməyə başlayıb: “Hazırda şirkət öz əhatə dairəsini genişləndirməkdədir. Gəncə şəhərində bu ilin əvvəllərindən şəbəkənin qurulmasına başlayan şirkət artıq çoxsaylı abonentlərə sürətli internet təqdim edir.

Gəncə şəhərində artıq bir çox ünvanlarda internet xidməti göstərən “Ailə NET” internet provayderi, abunəçilərə 4 m.bit\s interneti 20 AZN-ə təqdim edir. “Ailə TV”-nin abunəçiləri olan şəhər sakinləri isə “Ailə NET”-in xidmətlərindən ayda 13 AZN ödəməklə istifadə edə bilərlər. Belə ki, abunəçilər həm “Ailə TV”, həm də “Ailə NET” üçün aylıq 22 AZN abunə haqqı ödəyəcəklər”.

Ə.Sultanov qeyd edib ki, “Ailə NET” Cənubi Qafqazda fiber-optik bazada sürətli internet xidmətləri göstərən ilk internet provayderdir: “Genişzolaqlı, yüksəksürətli internet Gəncə şəhəri ilə yanaşı, Bakı şəhərinin bir sıra rayonlarında abunəçilərə təqdim olunur. Şirkət fəaliyyətində ən yeni texnologiyalardan istifadə edir”.
 
HƏQİQƏT





29/05/12    Çap et