Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda taksofonlardan mobil telefonlara edilən zənglərin bir dəqiqəsi 10 qəpik olacaq


Bakıda taksofonlardan mobil telefonlara edilən zənglərin bir dəqiqəsi 10 qəpik olacaq.  Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, hazırda taksofonlardan Azərbaycanın bütün mobil operator nömrələrinə zəngin 1 dəqiqəsi 18 qəpiyə başa gəlir. "İyunun 1-dən qiymətlər 10 qəpiyə endiriləcək. Apardığımız təhlillər göstərdi ki, taksofonlardan zənglərin 70-80 faizi mobil telefonlara edilir.

Bu üzdən bu zənglərin qiymətinin aşağı salınması qərara alındı"- deyə Kişiyev bildirdi. Bakıda yeni taksofonların qurulmasının birinci mərhələsi  gələn ay başa çatacaq. Paytaxtda artıq 60 yeni taksofon aparatı quraşdırılıb.Taksofon aparatları Çin, pavilyonları isə Fransa istehsalıdır.

 Taksofonların köməkliyilə internetə qoşulmaq mümkündür. İstifadəçilər bu aparatlar vasitəsilə “Skype”-a da qoşula bilərlər. Bundan başqa, taksofonlardan “Bluetooth” vasitəsilə mobil telefona foto və musiqi yükləmək mümkündür.

Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var. Menyu isə Azərbaycan və ingilis dillərindədir. Aparatlarda internetin 1 dəqiqəsi 2 qəpiyədir. “Bluetooth”dan bir dəfə istifadə isə 20 qəpikdir.
Şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpikdir.

Mobil nömrələrlə 1 dəqiqə danışmaq 18 qəpiyə başa gəlir. İran, Türkiyə, Pakistan kimi ölkələrə zəng vuran zaman 1 dəqiqə 45 qəpiyə, BMT və Baltikyanı ölkələrə 36 qəpiyə, Avropa, Amerika və digər dövlətlərə isə 54 qəpiyə başa gəlir.

RƏVAN





29/05/12    Çap et