Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz "İnformasiyanın idarəolunmasının tətbiqi və rəsmi statistika ilə əlaqələndirilməsi" üzrə təlim kursunda təmsil olunur


Yaponiyanın Çiba şəhəirndə BMT-nin Asiya və Sakit Okean hövzəsi üzrə Statistika İnstitutu (ASSİ ) tərəfindən təşkil olunan və 11 ölkədən 20 iştirakçının iştirak etdiyi  "İnformasiyanın idarəolunmasının tətbiqi və rəsmi statistika ilə əlaqələndirilməsi" üzrə 3-cü Qrup təlim kursunun rəsmi açılış mərasimi keçirilib.

Rəsmi açılışda  BMT ASSİ-nin direktor müavini cənab Şuiçi Vatanabe, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) və Tokio Beynəlxalq Mərkəzinin Baş direktorunun müavini cənab Hisanao Noda, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin  Siyasət planlaşdırılmasının direktoru cənab Takao İtou və digər rəsmilər 11 ölkədən olan iştirakçıları salamlayıblar. Qeyd edək ki, bu təlim kursu ASSİ artıq 3-cü ildir ki, təşkil olunur. 

Sözügedən kursda müxtəlif dövlət qurumlarından nümayəndələr iştirak edirlər. Qafqaz ölkələrindən Azərbaycandan 2 nəfər, Gürcüstandan 2 nəfər, Ermənistandan isə 1 nəfər təmsil olunur. Həmçinin MDB məkanından isə Özbəkistandan 4 nəfər iştirak edir. Bundan əlavə, kursda Sakit Okean hövzəsi ölkələri, Asiya və Afrika qitəsi üzrə olan ölkələrdən də nümayəndələr iştirak edir.

Qeyd edək ki, Azərbaycan nümayəndələri qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Cahandar Qədirov, Dövlət Statistika Komitəsinin əməkdaşı Ehtiram İsgəndərov təmsil olunur.

Kursda əsasən data analiz və statistik müayinələrin qiymətləndirilməsi istiqamətində idarəetmə təcrübəsinin təkmilləşdirilməsi və texniki biliklərin artırılması, eləcə də statistik təhlillər üçün “CSPRO STATA”, “Microdata Management Toolkit”, “MS Access and DevInfo”  kimi yeni proqram təminatlarının  təlimi planlaşdırılır.





30/05/12    Çap et