Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” rusiyalı zərgər Faberqenin ad gününü qeyd edib
“Google” şirkəti rusiyalı zərgər Karl Faberqenin anadan olmasının 166-cı ildönümünü qeyd edib. Axtarış nəhəngi bununla bağlı əsas səhifəsində ənənəvi loqosunu bayram loqosu ilə əvəz edib.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google” sözünün hər biri “Faberqe” adlandırılan “yumurtalar” ilə təsvir edilib və ya onların içərisində "gizlənib".
Piter Karl Faberqe 1846-cı il mayın 30-da Sankt-Peterburqda doğulub. O, zərgərlik işini Almaniyada öyrənib və 1870-ci ildə atasının zərgərlik firmasını idarə etməyə başlayıb. Faberqenin zərgərlik məmulatları imperator üçüncü Aleksandrın diqqətini cəlb edib və o, "İmperator Əlahəzrətin zərgəri və İmperator Ermitajının zərgəri" tituluna layiq görülüb.
Zərgərə dünya şöhrətini Faberqe adlandırılan “yumurtalar” gətirib. İlk yumurta 1885-ci ildə imperator üçüncü Aleksandrın həyat yoldaşı Mariya Federovnaya pasxa sürprizi kimi hazırlanıb.
Hədiyyə zövqü oxşayıb və Faberqe hər il bənzərsiz yumurta istehsalına sifariş alıb.
Tarixçilərə 71 Faberqe “yumurtası” haqqında məlumdur və onların 54 ədədi Rusiya imperatorlarının sifarişi üzrə hazırlanıb. Günümüzə 62 ədəd Faberqe “yumurta”sı gəlib çatıb.
Məlumat üçün bildirim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
30/05/12 Çap et