Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazası yaradılacaq


“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, tezliklə Azərbaycanda lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazası yaradılacaq. Belə ki, mayın 29-da respublika prezidenti ölkəmizdə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli 2236 nömrəli sərəncamın icrası ilə əlaqədar, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi məqsədi daşıyır.

Bundan başqa, sözügedən sənədin imzalanması lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alınıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 (iki) milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti isə ayrılmış vəsaitin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin edəcək. Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.
 
HƏQİQƏT






30/05/12    Çap et