Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli kağızlar üzrə elektron xidmətlərin tətbiqi ilə bağlı seminar keçirilib


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) «Qiymətli kağızlarla girovun dövlət qeydiyyatı, əlavə dövlət qeydiyyatı, xitamın və qiymətli kağızların girovda olub-olmaması ilə bağlı arayışın verilməsi üzrə elektron xidmətlərin tətbiqi» adlı seminar keçirilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, seminarda QKDK-nin Aparat rəhbəri Bəxtiyar Əzizov bildirib ki, elektron xidmətlərin göstərilməsi ilə əlaqədar komitədə genişmiqyaslı işlər görülüb. Onun sözlərinə görə, artıq QKDK 50-dən çox elektron xidmət göstərir. Qurumun rəsmi saytında (scs.gov.az) bu barədə ətraflı məlumat verildiyini vurğulayan B.Əzizov deyib ki, hər bir şəxs e-xidmətlərdən yararlana bilər.

QKDK-nin sektor müdiri Kamran Əlizadə bildirib ki, komitə tərəfindən hər bir e-xidmətlər üzrə reqlamentlər təsdiq olunub və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydə alınıb: «Komitəyə elektron formada müraciət etmək üçün hər bir şəxs bizim rəsmi saytımıza daxil olaraq «Elektron xidmətlər» bölməsini seçməlidir. Buradan da «Qiymətli kağızların qeydiyyatı» bölməsinə daxil olaraq bir sıra xidmətlərdən istifadə edilə bilər».

Qiymətli kağızların girovunun elektron qaydada qeydiyyata alınması üçün hansı sənədlərin və hansı formada təqdim olunma yollarının saytda göstərildiyini önə çəkən K.Əlizadə prosesin olduqca rahat olduğunu deyib: «Bu qeydiyyatı aparmaq üçün əvvəlcə ərizə ilə müraciət olunmalıdır.

Ərizə forması da saytda yerləşdirilib. Bu formanı da istənilən vaxt saytdan endirib yükləmək mümkündür. Ərizə ilə birlikdə tələb olunan sənədləri elektron imza ilə təsdiq etdikdən sonra bizim komitəyə göndərilməlidir».

Sonra e-xidmətlərdən istifadə qaydaları və prosesin videoizahı tədbir iştirakçılarına təqdim olunub. Daha sonra isə qiymətli kağızların girovunun elektron qaydada qeydiyyata alınma prosesi əyani şəkildə göstərilib.

QKDK-nin şöbə müdiri E.Allahverdiyev isə bildirib ki, elektron qeydiyyat üçün müraciət edildikdən sonra sənədə komitədə 5 gün müddətində baxılacaq: «Bu zaman sənəddə hər hansı bir çatışmazlıq olarsa, onunla bağlı müraciət edən şəxsə məlumat verilir və şəxs sənədlərini yenidən komitəyə elektron qaydada təqdim edə bilər. Ondan sonra 5 gün müddətində bir daha sənədlərə baxılaraq qeydiyyata alınır».

E.Allahverdiyevin sözlərinə görə, elektron şəkildə müraciət etmək insanların imkanlarını genişləndirir və üstəlik, onların zamanına qənaət etmiş olur: «Burada artıq kağızla müraciət etməyə ehtiyac qalmır. Onu da deyim ki, verilən sənədi kimsə açsa, orada hərf dəyişikliyi etsə, artıq bu bilinəcək və avtomatik olaraq pozulacaq».

Tədbirdə o da qeyd olunub ki, girovun əlavə qeydiyyata alınması üçün rüsumun ödənilməsi ilə bağlı sənədin surəti və girov kağızının bir nüsxəsi təsdiq edildikdən sonra elektron fayl formasında komitənin saytına göndərilir. Bununla da müraciətə komitə tərəfindən baxılır və cavab verilir.
E.Allahverdiyev onu da əlavə edib ki, bu əməliyyatları etmək üçün mütləq elektron imzaya sahib olmaq lazımdır.
 
Seymur QASIMBƏYLİ





30/05/12    Çap et