“Xalq kompyuteri” layihəsi uğurla davam edir
İnformasiya və kommunikasiya texnologiyalarının günü-gündən inkişaf etməsi cəmiyyətdə bu sahəyə olan marağı daha da artırıb. Regionlarda ən ucqar dağ kəndlərinin belə optik kabellərlə təmin edilməsi, hər bir mənzilin müasir telefon rabitəsinə qoşulması və genişzolaqlı internetə çıxış imkanlarının daha da asanlaşması vətəndaşların kompyuter almaları üçün ən əlverişli şərtlərin irəli sürülməsi bu sahədə yeni bir mərhələnin başlanğıcını qoyub.
Bu layihələr içərisində ən sərfəlisi olan “Xalq kompyuteri” layihəsinin bütün regionları əhatə etməsi və hər bir vətəndaşın maraqlarına xidmət edən bir layihə statusu alması böyük maraqla qarşılanıb. Başqa sözlə desək, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “HP” və “Microsoft” şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompyuteri" layihəsini ölkədə kütləvi kompyuterləşmənin ilkin mərhələsi hesab etmək olar.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompyuterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompyuter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompyuterlərlə təminatına şərait yaratmaq;
- Kompyuter sayını dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində orta məktəb müəllimləri kompyuterlər əldə etmişlər. Layihənin uğurlu keçməsini nəzərə alaraq sonradan layihə digər sosial qruplara da (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) şamil edilmişdir.
Layihə çərçivəsində “HP” şirkətinin mini-noutları (MiniNote), noutbukları (Notebook) və stolüstü kompyuterləri (Desktop) təqdim olunmuşdur. Bütün bu avadanlıqlarda “Microsoft” şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq, 12 ay müddətinə, möhlətlə verilir. "Xalq kompyuteri" layihəsi çərçivəsində təqdim olunan kompyuterlər bazar qiymətlərindən 25-40% aşağıdır. Bu layihə çərçivəsində kompyuter alan hər bir şəxsə sərfəli qiymətlərlə müxtəlif internet xidmətləri, antivirus paketi təqdim olunur.
Kompyuterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" Dövlət Müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" Dövlət Müəssisəsi və “HP”-nin və “Microsoft”un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, “BestComp Group” şirkətinin əsası 1995-ci ildə qoyulub. Şirkət nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda fəaliyyət göstərən ən nüfuzlu İKT şirkətlərindən biridir.
Hal-hazırda şirkət “HP”, “Acer”, “Microsoft”, “APC”, “Eaton”, “Tripplite”-ın distribüteri, “Oracle”, “CİSCO” və s. kimi nəhəng şirkətlərin biznes tərəfdaşı olaraq onların məhsul və xidmətlərini təqdim edir. “BestComp Group” “Acer”in, “Microsoft”un, “Eaton”un, “Tripplite”-ın bir sıra xarici ölkələrdə də rəsmi distribüteridir. Şirkətin nəzdində “HP”, “Acer”, “APC”, “Eaton” və “Tripplite” şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir. İKT sahəsində çalışan 50-dən çox şirkət “BestCompGroup”-un diler şəbəkəsinə daxildir.
Xalq kompyuteri layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar.
Bu layihədə ilk növbədə müəllimlərin aktivliyini qeyd etmək lazımdır. Məktəb müəllimləri ilə aparılan söhbətlərdən yalnız bir ümumi çıxarış etmək olar - kompyuterlərin ödənilməsi rahatdır və bu avadanlığın alınmasını çox əlverişli edir.
Son məlumata görə, artıq 18000 insan bu layihə çərçivəsində kompyuterlərə sahib olub. Layihənin digər sosial qruplara da şamil edilməsi yüzminlərlə Azərbaycan vətəndaşının müasir kompyuterlərlə təmin edilməsi deməkdir. Daha ətraflı məlumatı “
http://www.xalqkomp.az/” saytından əldə etmək olar.
RƏVAN