Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitəçilərin istirahəti üçün bütün şərait yaradılıb


Turizmin inkişafına yönəlmiş dövlət proqramını həyata keçirmək məqsədi ilə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi üzvlərinin yay istirahətləri və məzuniyyət vaxtlarının səmərəli  keçirilməsi üçün nəzərdə tutlmuş  Xaçmazın Nabran qəsəbəsində yerləşən, dəniz kənarındakı istirahət kompleksi yenidən qurularaq rabitəçilərin ixtiyarına verilib.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovun “Rabitə dünyası” qəzetinə verdiyi məlumata görə, layihənin əsas məqsədi rabitə və informasiya texnologiyaları  sahəsində çalışan işçilərin mükəmməl istirahəti üçün şəraitin yaradılmasından ibarətdir.

Ən müasir şəraitlə təmin olunmuş 2 mərtəbəli 9 korpusdan ibarət düşərgədə mövsüm zamanı eyni vaxta 51 nəfərin istirahəti nəzərə alınıb. Son illərdə təmir olunmaması səbəbindən yararsız hala düşmüş binaların xarici və daxilində təmir işləri aparılaraq otaqlar yeni yataq dəstləri ilə təmin edilib.

İstirahət zonasında bütün təhlükəsiz və sanitar-gigiyena qaydalarına əməl edilməsi ciddi nəzarətdə saxlanılır.  Dincəlməyə gələn rabitəçilərin hər hansı  narahatlıqla qarşılaşmamaları üçün hər cür şərait yaradılıb.

Ötən ildən etibarən  otaqlar sərinkeş və peyk antenlərinə qoşulmuş televizorlarla təmin olunub. Bazanın tərkibində yerləşən yeməkxananın işi yenidən qurularaq, bütün avadanlıqlar və servislər tamamilə yenilənərək müasir tələblər səviyyəsinə gətirilib.

Həmçinin rabitəçilərin vaxtlarını maraqlı keçirmələri  üçün müasir mini-futbol, voleybol və basketbol sahələri yaradılıb. Həyətyanı sahəyə yeni asfalt ortüyü döşənərək müasir besetkalar qurulması, orda dincələnlərin  şahmat, dama və domino oynayıb asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradır.

  İstirahət zonasının 60 yerlik yeməkxanası, həm elektrik sobası və həm də balon qazla işləyən mətbəxi vardır. Mətbəxi isti və soyuq su ilə təchiz olunub.

Qeyd edək ki, «Nabran» istirahət zonasında daha çox rabitəçi həmkarlar ittifaqı üzvünün dincəlməsi üçün istirahətin müddəti 12 gündür. Mövsümün sonuna kimi burada dincəlmək üçün 300-350 adama yollayışlar verilir. Yollayışların dəyərinin 50 faizini Respublika Komitəsi öz üzərinə götürmüşdür. Qalan məbləğ isə Həmkarlar İttifaqı üzvü olan rabitəçilərin çalışdığı idarə və müəssisələr tərəfindən ödənərək pulsuz verilir.

RƏVAN




31/05/12    Çap et