Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmtəə nişanları, patentlərlə bağlı etirazlar Apellyasiya şurasına elektron qaydada qəbul olunacaq


Əmtəə nişanları və coğrafi göstəricilər, eləcə də patentlərlə bağlı hər hansı etirazı olanlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Apellyasiya şurasına (komissiyasına) elektron qaydada müraciət edəcəklər.

Hələlik isə qismən avtomatlaşdırılan “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına (komissiyasına) etirazın verilməsi üzrə elektron xidmət”in inzibati reqlamenti ictimai müzakirədədir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, hər hansı maraqlı hüquqi və fiziki şəxslərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqlarının pozulması və mübahisələrin yaranması ilə əlaqədar, patent müvəkkillərinin attestasiyası ilə əlaqədar, qeydiyyatı və fəaliyyəti ilə əlaqədar etirazlarla, əmtəə nişanının geniş tanınmasına dair ərizələrlə və geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazlarla müraciətlərə Apellyasiya şurasında baxılır.

Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna müvafiq olaraq Apellyasiya şurası etiraza (ərizəyə) daxil olduğu tarixdən 3 ay ərzində baxır. “Patent haqqında” qanuna müvafiq olaraq isə Apellyasiya şurası etiraza iddiaçının cavabını aldığı tarixdən 2 ay ərzində baxır. Bu xidmət ödənişli olaraq həyata keçirilir.

Belə ki, “Dövlət rüsumu haqqında” qanunla müəyyənləşən rüsuma görə, ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı 10 manat nəzərdə tutulur. İxtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı 6 manat, ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı 40 manat, patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən Apellyasiya şurasına etirazla müraciət edilməsi üçün 20 manat müəyyənləşib.

Bundan başqa, dərc olunmuş iddia  sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının Apellyasiya şurasına cavab verilməsi üçün  25 manat, ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda Apellyasiya şurasına etiraz verilməsi üçün 20 manat, əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manat, coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manat rüsum tələb olunur.

Əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı rüsum 60 manat, coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı  35 manat, qeydə alınmış əmtəə nişanına qarşı  80 manat, qeydə alınmış coğrafi göstəriciyə qarşı 45 manat, əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün 150 manat, geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün 120 manat, şuraya etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün isə 40 manat təyin edilib. Elektron xidmətin göstərilməsi üçün müvafiq sənədlər də tələb olunur.

Belə ki, Apellyasiya şurasına verilən etirazda (ərizədə) iddia qaldıran fiziki şəxsin soyadı, adı, hüquqi şəxsin isə adı, onların yerləşdiyi yer, yazışma üçün ünvan və digər rekvizitləri, iddia qaldıran şəxsin nümayəndəsinin və ya patent müvəkkilinin etibarnaməsi, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədi üzrə qərarın və ya mühafizəsinin təsdiqlənməsi barədə məlumat, iddia qaldıran şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir), mübahisə ilə bağlı iddia qaldıran şəxsin dürüst tələbləri göstərilməlidir.

Ərizə və etiraz üzrə materiallar 2 nüsxədə təqdim olunur. Etiraza (ərizəyə) müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə olunmalıdır. Etiraz (ərizə) müraciət edən şəxs tərəfindən imza ilə təsdiq edildikdən sonra digər sənədlərlə birlikdə poçt vasitəsi ilə komitəyə təqdim olunur. Elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır.

Amma sorğunun yerinə yetirilməsindən imtina halları da istisna olunmur. Belə ki, Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda, qanunvericilikdə nəzərdə tutulan digər hallarda imtina mümkündür.

Apellyasiya şurasına etirazın (ərizənin) qəbul edilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir: “Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün əlaqə vasitələrindən istifadə oluna bilər. Apellyasiya şurasınaetiraz ərizəsi verən dövlət orqanlarının qəbul etdiyi qərarlardan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər”.
 
HƏQİQƏT





31/05/12    Çap et