Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” yüksəksəviyyəli yeni domenlər üçün ərizələrin qəbulunu dayandırıb


Bu gün Bakı vaxtı ilə saat 04:59-da internetdə domen adlarının tənzimlənməsini həyata keçirən “ICANN” (Internet Corporation for Assigned Names and Numbers) təşkilatı ümumi istifadəli yüksəksəviyyəli yeni domenlərin (gTLD) qeydiyyatı üçün ərizələrin qəbulunu dayandırıb.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, 2012-ci il yanvarın 12-dən etibarən istənilən hüquqi şəxs şəhər, sirkət, ictimai təşkilat adı ilə yeni domen zonaların yaradılması üçün ərizə verə bilib.

 Bir yüksəksəviyyəli domen üçün qeydiyyat haqqı 185 min dollar təşkil edib, lakin qiymətləndirmənin xüsusi mərhələlərinin keçirilməsinə ehtiyac yarandıqda, əlavə ödəniş tələb olunub. Bundan başqa, ərizəçi öz üzərinə domen zonasının işə salınması və istismar xərclərinin maliyyələşdirilməsi üzrə öhdəliklər götürür.

Təşkilat əvvəlcədən ərizələrin qəbulunu cari ilin aprel ayının 12-də dayandırmağı planlaşdırmışdı, lakin qəbulun başa çatmasına bir neçə saat qalmış sistemin işi texniki problemlə əlaqədar sıradan çıxıb və buna görə ərizə verən sistemin bəzi istifadəçiləri digər ərizəçilər tərəfindən yüklənən faylların adını görə biliblər. Bu səbəbdən “ICANN” nümayəndələri ərizələrin qəbul müddətinin beş iş günü uzadıldığını elan ediblər. Ərizələrin qəbulu üzrə sistemin fəaliyyəti mayın 22-də bərpa olunub.

Verilən ərizələrin tam siyahısını “ICANN” iyunun 13-də dərc etməyi planlaşdırır.“Afilias” şirkətinin məlumatına görə, iri şirkətlərin 44 faizi öz domen zonasını yaratmaq niyyətindədir.





31/05/12    Çap et