Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

200 və 500 manatlıq əskinasların dizaynı təsdiqlənir


“Azərbaycan iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı milli valyutaya olan inamın artmasına, onun regional miqyasda cəlbedici valyutaya çevrilməsinə gətirib çıxarıb. Eləcə də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması regional iqtisadiyyatların və maliyyə sistemlərinin “manatlaşması” üçün imkan yaratmış və bu tendensiya perspektivdə milli valyutanın miqyasının daha da genişlənəcəyini şərtləndirir.

Azərbaycan manatının regionda ən dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirib ki, bu da iri nominallı pul nişanlarına (50 və 100 manat) olan tələbin həcmini artırıb”.

 "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri mətbuata verdiyi açıqlamasında Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyev deyib. Onun sözlərinə görə, hazırda iri nominallı pul nişanlarının (50 və 100 manat) tədavüldə xüsusi çəkisi 90 faizi ötüb ki, bu da beynəlxalq standartlara əsasən, növbəti iri nominallı pul nişanlarının (200 və 500 manat) tədavülə buraxılmasını şərtləndirən faktorlardan biridir.

“Təcrübə göstərir ki, iri nominallı əskinasların tədavüldə xüsusi çəkisi yüksəldikcə, yəni 75 faizdən yuxarı olduqda Mərkəzi Banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əskinasların buraxılması siyasəti həyata keçirilir.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübədən irəli gələrək nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə daha iri nominallı əskinasların (200 və 500 manat) tədavülə buraxılmasının iqtisadi və sosial qiymətləndirilməsini aparır.

Qeyd etmək istərdik ki, beynəlxaq təcrübədən irəli gələrək Mərkəzi Bank tərəfindən növbəti 200 və 500 manatlıq əskinasların tədavülə buraxılması bank sektorunda nağd tranzaksiyaların sayının azalmasına və nağd pulun idarə edilməsi üzrə səmərəliliyin yüksəldilməsinə, eləcə də pul nişanlarının istehsalı ilə əlaqədar dövlət vəsaitlərinə qənəat olunmasına imkan yaradacaqdır”.

N.Əliyev bildirib ki, hazırda 200 və 500 manatlıq əskinasların yekun dizaynının təsdiq olunması prosesi gedir. Dizayn təsdiq olunduqdan və ölkənin Pul İslahatı Komitəsinin müvafiq qərarından sonra 200 və 500 manatlıq əskinasların istehsalı üzrə tədbirlərə başlanıla bilər.

SEYMUR





02/06/12    Çap et