Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pensiyaçılar bir çox suallara elektron formada cavab ala bilər


Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi ilə bağlı elektron xidmət tam avtomatlaşdırılıb və “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalına inteqrasiya olunub.

“İCTnews” elektron xəbər xidmətinin Dövlət Sosial Müdafiə Fondunun saytına istinadən verdiyi məlumata görə, bu xidmət pensiyanın təyin olunma tarixi, məbləği və növü barədə fərdi məlumatın pensiyaçıya verilməsini əhatə edir. Ödənişsiz elektron xidmət pensiyaçıların öz pensiyaları barədə fərdi məlumatları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına getmədən əldə edə bilməsinə imkan verir.

İnteraktiv növlü bu elektron xidmətin istifadəçiləri fiziki şəxslərdir: “Xidmət istifadəçilər üçün daim açıqdır, müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır və elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur”.

Elektron imzaya malik pensiyaçı pensiyasının təyin olunma tarixi, məbləği və növü barədə fərdi məlumatın əldə edilməsi üçün “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə sorğu edir. Sorğu dərhal icraya qəbul olunur. İnzibati prosedurun nəticəsi barədə əmək pensiyası hüququ olan şəxsə elektron formada bildiriş verilir. Xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.

Elektron xidmətin göstərilməsi ilə bağlı şəxsin şikayət etmək hüququ vardır: “Şikayət etməyə səbəb olan məsələ barədə informasiyanı əmək pensiyası hüququ olan şəxs dəqiq bildirməlidir. Şikayətə 15-30 gün müddətində baxılır”.
 
CAHANGİR





04/06/12    Çap et