Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” serverlərinə tələbat azdır


“IDC” tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin birinci rübündə “Microsoft Windows Server 2008” əməliyyat sistemi ilə işləyən serverlərin satış həcmi keçən ilin analoji dövrü ilə müqayisədə yalnız 1.3 faiz artıb. Əksinə, “Linux”-sistemlərin satış həcmi 16 faiz artıb.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows” və “Linux” əsasında işləyən  serverlərin satış dinamikasında bu qədər fərq “Microsoft” korporasiyasının proqram platformasının zəifliyi ilə deyil, “Linux” ilə işləyən bir neçə böyük layihənin inkişafı ilə bağlıdır. Həmin layihələrdən biri 2012-ci ilin birinci rübündə Şimali Karolinada yerləşən data mərkəzi üçün server avadanlığı almış ”Facebook” şirkətidir.

2012-ci ildə “Windows Server 2008 R2 SP3” ƏS-ni  “Windows Server 2012” əvəz edəcək, lakin bununla belə “Windows” serverlərin satış həcmi çətin ki “Linux” həllərə çatsın.

“Windows”-serverlərin payı 50.2 faiz təşkil edib və ya satışlardan əldə edilən gəlir 5.9 milyard dollara bərabər olub. “Linux” əsasında işləyən sistemlərin payı 20,7 faiz, gəlir isə 2,4 milyard dollar təşkil edib. “Unix”-lə işləyən sistemlərin payı 18,3 faizə (2,2 milyard dollar) bərabər olub.

Bütün server bazarının həcmi 11,8 milyard dollar təşkil edib. 2012-ci ilin birinci rübü ərzində cəmi 2 milyon server sistemi tədarük edilib və bu göstərici keçən illə müqayisədə 2.7 faiz azdır.
 
EMİL





04/06/12    Çap et