Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərsu” ASC iş mexanizmində yeni texnologiyalar tətbiq edir


“Azərsu” Açıq  Səhmdar Cəmiyyəti abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin  keyfiyyətinin artırılması, yaranmış borcların dəqiq uçotunun aparılması məqsədi ilə kompleks tədbirləri davam etdirir. Bu məqsədlə qabaqcıl xarici təcrübə öyrənilir, yeni texnologiyalar tətbiq edilir.

Qurumun mətbuat xidmətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, iyun ayından Bakının Nərimanov rayonunda yeni pilot-layihənin icrasına başlanılıb.

Məlumatda qeyd edilir ki, Türkiyənin İstanbul Sukanal İdarəsinin  əməkdaşları ilə birgə həyata keçirilən layihəyə əsasən, sayğacların oxunması, bildirişlərin, hesab-fakturaların verilməsi, ödənişlərə nəzarət yeni üsullarla aparılır. Bu məqsədlə pilot-layihənin həyata keçirildiyi rayon kvartallara bölünür və nəzarət tədbirlərini həyata keçirmək məqsədi ilə qruplar yaradılır.

Sayğacların yoxlanılması, bildiriş və hesab-fakturaların çatdırılması yalnız bir nəzarətçi tərəfindən deyil, həmin qruplar tərəfindən həyata keçiriləcək. Bu isə nəzarət tədbirlərinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına səbəb olacaq.

 Pilot-layihənin icrası ilə əlaqədar “Azərsu” ASC-nin Kommersiya departamentinin əməkdaşları İstanbul Sukanal İdarəsinin mütəxəssisləri ilə birgə pilot-layihənin həyata keçirildiyi rayonda maarifləndirmə işləri aparır.

Bakı Sukanal İdarəsinin Nərimanov Sukanal departamentinin əməkdaşları yeni sistemin üstünlükləri barədə ətraflı məlumatlandırılmış və pilot-layihənin subyektiv halların aradan qaldırılması, eləcə də  ödəniş səviyyəsinin yüksəldilməsi məqsədi ilə həyata keçirildiyi diqqətə çatdırılmışdır.  Pilot-layihə uğurla icra olunarsa, yeni sistem gələcəkdə digər rayonlarda da tətbiq ediləcək.    

RƏVAN
 





04/06/12    Çap et