Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Neft sənayesinə dair sərgidə ən yeni texnologiyalar nümayiş etdiriləcək


Bu il ənənəvi "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" beynəlxalq sərgisinin ekspozisiyası 15 faiz artıb. Bu barədə jurnalistlərə "ITE Group Plc" şirkətinin Xəzər regionu üzrə direktoru Edvard Stroon bildirib. Sərgi iyunun 5-8-də "Baku Expo" Mərkəzində keçiriləcək.

Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group" və onun tərəfdaşı "Iteca Caspian" şirkətidir. Onun sözlərinə görə, sərgi öz sahəsində ölkənin neft-qaz sektorunda ən irisi olacaq. "Xüsusən bu il sərgidə təqribən 40 yeni şirkət iştirak edəcək", - Stroon qeyd edib.

Stroon bildirib ki, iştirakçıların təqribən yarısı onun daimi iştirakçılarıdır. Xarici iştirakçılar ekspozisiyanın 59 faizini əhatə edir, qalan hissə isə yerli istehsalçılar və xarici şirkətlərin yerli təmsilçilərinin payına düşür. Ümumilikdə sərgidə 35 ölkədən 304 şirkət iştirak edəcək. Həmçinin, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, Türkiyədən milli qruplar təmsil olunacaq.

MDB, Avropa və Şərqi Asiya ölkələrindən olan iştirakçıların sayı artıb. Sərgidə ilk dəfə Vyetnam şirkəti də iştirak edəcək. Neft-qaz sərgisi çərçivəsində Bakıda 19-cu "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" beynəlxalq konfransı keçiriləcək.

Sərginin ikinci günündə (iyunun 6-da) işə başlayacaq konfransda 500-dən çox nümayəndə heyəti iştirak edəcək ki, bu da Azərbaycanın neft-qaz sektoruna artan marağın təsdiqidir. Konfransın əsas mövzuları Xəzər regionunun "qızıl əsr”i, neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı, enerji daşıyıcılarının dünya bazarına çatdırılması, Azərbaycanda kəşfiyyat və hasilat və digər məsələlər olacaq.

Stroonun sözlərinə görə, sərgi və konfransda xüsusi yer Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması ilə bağlı möhtəşəm layihəyə veriləcək.

Həmçinin, neft-qaz sərgisi çərçivəsində "Baku Expo" Mərkəzində enerji sənayesinin nailiyyətlərinin nümayiş etdirilməsi sahəsində Xəzər regionunda yeganə ixtisaslaşdırılmış 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - "Caspian Power 2012" sərgisi keçiriləcək.

RƏVAN




05/06/12    Çap et