Elektron sağlamlıq kartındakı məlumatların əldə edilməsi xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub
Vətəndaşların elektron sağlamlıq kartındakı məlumatların əldə edilməsi xidməti “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminin Elektron Xidmətlər Portalına inteqrasiya olunub.
Elektron xidmət “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndə qeydiyyata düşmüş vətəndaşların özlərinin və ya uşaqlarının sağlamlığı haqqında məlumatların (peyvəndlər, müayinə, aşkar olunmuş xəstəliklər) tez bir zamanda heç bir tibb müəssisəsinə getmədən əldə edilməsini əhatə edir.
“İCTnews” elektron xidmətinin məlumatına görə, elektron xidmətdən istifadə üçün ilkin olaraq “
http://e-sehiyye.gov.az/vesks” internet ünvanında qeydiyyatdan keçmək lazımdır. Bunun üçün şəxs sağlamlıq kartının üzərində olan unikal kodunu və ambulator-poliklinika müəssisəsində qeydiyyat zamanı təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin edir.
Qeydiyyatdan keçən şəxs elektron xidmətdən unikal kodu və şifrəni daxil etməklə istifadə edə bilər.Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə xidmətdən istifadə mümkün olmayacaq.
İnteraktiv növlü elektron xidmət tam avtomatlaşdırılıb, ödənişsizdir və dərhal icra olunur.
Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
CAHANGİR