Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Vaxt və Tezlik” etalon kompleksi artıq işlək hala gətirilib
Azərbaycanda etalon bazasının genişləndirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) etalon istehsalı ilə məşğul olan “Fluke”, “Neolab”, “DHİ”, “WIKA”, “METTLER TOLEDO” kimi dünyanın tanınmış şirkətlərindən elektrik, təzyiq, kütlə, özüllülük və sıxlıq kəmiyyət vahidləri üzrə etalon cihazları alınıb quraşdırılıb.
Dövlət Metrologiya Xidmətinin etalon bazasında spesifik xüsusiyyətləri ilə fərqlənən "Vaxt və Tezlik" etalon kompleksi də artıq işlək hala gətirilib. Etalonların alim-saxlayıcı funksiyalarını həyata keçirən mütəxəssislər müvafiq təlimlər keçiblər.
Hazırda isə kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparılır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.
Onun sözlərinə görə, müasir dövrdə metrologiya - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rola malikdir: “Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır.
Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.
Metrik Konvensiyasına uyğun olaraq, Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib.
Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir”.
F.Talıbov bildirib ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir: “Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. Etalon laboratoriyalarının yaradılması və inkişafı da komitə qarşısında duran ciddi məsələlərdən biridir.
Bundan başqa, radioloji kəmiyyətlərin ölçülməsi sahəsində etalonların alınması ilə bağlı müzakirələr də aparılır. Çox kəskin ehtiyac duyulan geniş bir sahə olmaqla yanaşı, əhalinin şüalanmaya nə dərəcədə məruz qaldığını, istər iş şəraiti, istərsə ərzaq, ekoloji, tibbi xidmət təhlükəsizliyinin təminatı baxımından bu laboratoriyanın qurulması respublikamız üçün çox faydalı olacaq”.
Həqiqət İSABALAYEVA
05/06/12 Çap et