Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Respublikada səmərəli milli innovasiya sisteminin formalaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb
AMEA Elmi İnnovasiyalar Mərkəzində “Azərbaycanda innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi: müasir vəziyyət və beynəlxalq təcrübə” mövzusunda forum keçirilib. Forumda Belarus və Ukraynadan dəvət edilmiş mütəxəssislər də iştirak ediblər. “İCTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.
Akademiyadan qeyd edilib ki, tədbirdə Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Fərman Qasımov forumun əsas məqsədindən söz açıb. Belə ki, forum respublikada səmərəli milli innovasiya sisteminin formalaşdırılması mövzusunda fikir mübadiləsi aparmaq üçün təşkil edilib.
Forumda, həmçinin Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor İqor Mansurovun “Elmi-texniki innovativ dövlət siyasəti və Ukraynada innovasiyanın inkişaf infrastrukturu”, Belarus Milli Elmlər Akademiyasının akademiki, professor Leonid Gerasimoviçin “Yerli və bərpa olunan resurslardan istifadə edərək aqroşəhərciklərin yeni vahid enerji təchizatı” mövzularında məruzələri dinlənilib.
Mərkəzin direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Arzu Hüseynova isə “Azərbaycanda İnnovasiya İnfrastrukturu” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əlövsət Əliyev ölkəmizdə informasiya iqtisadiyyatının, İKT yönümlü innovasiya sistemlərinin formalaşması, elmi məhsulların kommersiyalaşdırılması, Azərbaycan milli innovasiya sistemlərinin infrastrukturunda elektron elm konsepsiyasının bərqərar olmasının əhəmiyyətindən danışıb.
Bu istiqamətdə AMEA İTİ-də həyata keçirilən layihələri nəzərə çatdırıb. AR Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, texnika elmləri doktoru, professor Rafiq Hüseynov öz çıxışında isə Elmi İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Forumda iştirak edən digər təşkilatların nümayəndələri də mövzuyla bağlı fikir mübadiləsi apararaq rəy və təkliflərini bildiriblər.
Həqiqət İSABALAYEVA
05/06/12 Çap et