Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lisenziya müqavilələrinin qeydiyyatı qismən avtomatlaşdırılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən lisenziya müqavilələrinin qeydiyyatı üzrə elektron xidmət qismən avtomatlaşdırılıb. Bu xidmətin funksiyası lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu, bununla bağlı vətəndaşlara ətraflı məlumatın verilməsidir.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı yalnız SMPDK tərəfindən həyata keçirilir: “Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müraciət qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq mühafizə sənədinin verilməsi haqqında qərar qəbul edilir.
Ödənişli olan bu xidmətə əsasən, lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün dövlət rüsumu müəyyənləşdirilib”. Belə ki, lisenziya müqavilələrinin qeydə alınması zamanı bir ədəd əmtəə nişanı üçün 80 manat, bir neçə əmtəə nişanı üçün (1-dən artıq hər əmtəə nişanı üçün) 50 manat tələb olunur. Elektron xidmətdən Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər istifadə edə bilərlər.
Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda, müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda, qanunvericilikdə nəzərdə tutulan digər hallarda sorğunun yerinə yetirilməsindən imtina edilə bilər.
HƏQİQƏT
06/06/12 Çap et