Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avtomobil şinlərindən yumşaq divanı necə hazırlamaq olar?
Avtomobil şinlərindən yumşaq divanı necə hazırlamaq olar? Bəzi istifadəsiz qalan şinləri motosikletə çevirmək mümkündürmü? İstifadə müddətini başa vurmuş televizor və onun kimi bir çox məişətdə istifadə edilən texnika doğrudanmı yararsızdır? Yaranan bütün suallara cavabı Azərbaycanda ilk dəfə keçirilən "Tullantıdan Sənətə" beynəlxalq sərgisində tapmaq olar.
Heydər Əliyev Fondunun təşəbbüsü və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə keçirilən sərgi iyunun 10-dək davam edəcək. "İCTnews" elektron xəbər xidmətinə sərgi barədə məlumat verən "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən bildirilib ki, sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq sərgi iştirakçılarına nümayiş etdirilir: "Sərginin rəsmi açılışı Heydər Əliyev Fondu, "Təmiz Şəhər" ASC və "İçərişəhər" DTMQİ tərəfindən iyunun 1-də Qala qəsəbəsində keçirilib.
Bu tədbirin Qala qəsəbəsində keçirilməsi heç də təsadüfi deyil. "Təmiz Şəhər" ASC artıq iki ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot-layihə həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etməkdir".
Qurumdan qeyd edilib ki, insanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək kimi mövzular sərginin əsas süjet xəttini təşkil edir: "Tullantı insan həyatının qaçınılmaz bir hissəsidir və hər zaman belə olacaq.
Bu səbəbdən, ətraf mühitə diqqəti artırmaq və planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etmək məqsədilə rəssamlar incəsənət əsərlərinin hazırlanmasında həm də ictimaiyyətin diqqətini tullantıların təsiri nəticəsində yaranan ekoloji problemlərə yönəltmə vasitəsi kimi istifadə ediblər.
Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu istiqamətin sənətkarları metal, kağız, plastik, rezin və müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradıblar. Sərgidə ən bəsit və lazımsız materiallardan - tullantılardan istifadə etməklə hazırlanmış heyranedici sənət əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olur.
"Tullantıdan sənətə" sərgisinin keçirilməsində əsas məqsəd "Yer bizim evimizdir və biz onun qayğısına qalmalıyıq" mesajını ictimaiyyətə çatdırmaqdır". Sərgidə Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus, həmçinin Azərbaycan sənətkarlarının qəzet, kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdirilir.
ASC-dən qeyd edilib ki, "Xalça", "Qızıl otaq", "Yumşaq mebel", "Motosiklet" və digər kompozisiyalar sərgi iştirakçılarının zövqünü oxşayır: "Beynəlxalq sərgidə məşhur rəssamlardan Almaniyadan Hans Şultun "Tullantı layihəsi" adlı kompozisiyası, ABŞ-dan Mara Qoldvin və Maks Qassmanın qəzet və polietilen parçalardan hazırladığı "Xalça", Rumıniyadan Marta Yeku və Aleksandra Potekanın ev təsərrüfatında istifadəyə yararsız texnika, əşya, qab-qacaq, geyim və digər əmtəələrdən hazırladığı "Qızıl tullantı" kompozisiyası, Almaniyadan Yan Korbesin istifadə olunmuş şinlərdən hazırladığı "Yumşaq mebel" və "Motosiklet" kompozisiyaları, tanınmış yerli rəssamlardan isə Rəşad Ələkbərovun plastik butulka və boruların köməyi ilə hazırladığı "Milli motivlər" adlı rəsm əsərləri, Dadaş Məmmədovun zibil qutularını istifadə edərək hazırladığı "Palitra" və digər kompozisiyalar nümayiş etdirilir. Sərgidə iştirak etmək istəyənlər iyun ayının 10-na kimi hər gün saat 12:00, 15:30 və 19:00 İçərişəhərin Qoşa Qala qapısının önündən hərəkət edən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilərlər".
Həqiqət İSABALAYEVA
06/06/12 Çap et